Politoloq: “Moskva NATO-nu parçalamaq istəyir”

Politoloq: “Moskva NATO-nu parçalamaq istəyir”
13.09.2025 16:45 Təhlil

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda özünü “sülhpərvər” kimi göstərmək üçün tez-tez eyni fikir təkrarlayır: 

“Rusiyanın NATO ölkələrinə hücum etmək niyyəti yoxdur. Əgər Qərb ölkələrində belə düşünənlər varsa, onlar ağıllarını itiriblər”. 


Bu, siyasi arenada birmənalı qarşılanmır. 

Məsələn, Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı. Dronlar Polşanın hava sahəsinə daxil olmaq üçün Ukraynanın qərb bölgələrindən keçiblər. Müharibə Ukraynanın şərqində gedir, Rusiya dronları isə cəbhə bölgəsindən min kilometrlərlə uzaq məsafə qət ediblər. 

Eyni zamanda, Putin ABŞ Prezidenti Donald Trampı tərifləməklə məşğuldur. Reallıqda isə o, Ağ Ev sahibinin imicinə zərbələr vurmaqda davam edir. Prezidentlərin Alyaska görüşündən sonra da Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi genişlənib, paytaxt Kiyev bombalanıb, mülki insanlar həlak olublar. 

Maraqlıdır, Putin Polşanı hədəf seçməklə NATO və Vaşinqtonun nəbzinimi yoxlayır? 

Əgər Rusiya dronları Polşadan sonra digər NATO ölkələrinin hava məkanına da daxil olarsa, Alyansın və ABŞ-nin mümkün hərbi və diplomatik reaksiyaları nələr ola bilər və ya olmalıdır?


Rusiya dronlarının NATO üzvü ölkələrinin hava məkanına daxil olması beynəlxalq hüquq baxımından hansı nəticələr səbəb ola bilər və NATO ölkələri hansı hüquqi addımları atar?

Məsələ ilə bağlı TodayPress TV-yə politoloq Natiq Miri açıqlama verib.


O, Rusiyanın Polşanı dronlarla hədəfə almasının dörd əsas istiqaməti olduğunu bildirib. 

Onun sözlərinə görə, Moskva ilk növbədə Polşanın hərbi imkanlarını, havadan müdafiə sistemlərinin hazırlığını və bu proseslərə nə qədər çevik reaksiya verəcəyini test etmək istəyir.

İkinci məqsəd isə NATO-nun reaksiyasını öyrənməkdir. 

Politoloq vurğulayıb ki, Rusiya bununla NATO daxilində konsolidasiyanın sürətini və qərarvermə mexanizmini sınayır.

“Vaşinqtonun reaksiyası Moskva üçün xüsusi əhəmiyyət kəsb edir”

Üçüncü istiqamət isə ABŞ-nin mövqeyi ilə bağlıdır. Natiq Mirinin fikrincə, Rusiya prezidentinin üçün əsas hədəfindən biri NATO-da parçalanma yaratmaqdır:


“Bu məsələdə ən zəif həlqə ABŞ və hazırkı prezidenti Donald Trampdır. Tramp zaman-zaman Avropanı müdafiə etməyəcəyini bəyan edib. Ona görə də, Vaşinqtonun reaksiyası Moskva üçün xüsusi əhəmiyyət kəsb edir. Əgər Tramp laqeyd mövqe sərgiləsə, bu, NATO daxilində parçalanma, Avropa Birliyində isə əlavə qorxu effekti yaradacaq”.

Onun sözlərinə görə, dördüncü istiqamət Avropa Birliyi ilə bağlıdır. Rusiya dron hücumları vasitəsilə həm Avropanı təhdid edir, həm də Ukraynaya yardımı azaltmaq niyyətini nümayiş etdirir. Bununla yanaşı, Moskva çalışır ki, müharibə məhz onun şərtləri əsasında başa çatsın.

“Əgər Moskva ildırım sürətli əməliyyatla bu ərazini işğal etsə…”

Siyasi ekspert qeyd edib ki, Polşanın hədəf seçilməsi təsadüfi deyil:

“Birincisi, Polşa Qərbin Ukraynaya ötürdüyü əsas hava və quru dəhlizidir. İkincisi, Şərqdə NATO-nun ən güclü ordusuna sahibdir. Üçüncüsü, Polşa Suvalki dəhlizi ilə həmsərhəddir. Bu dəhliz Rusiyanın geosiyasi planlarında xüsusi əhəmiyyət daşıyır. Əgər Moskva ildırım sürətli əməliyyatla bu ərazini işğal etsə, Belarus vasitəsilə Kalininqrada birbaşa keçid təmin etmiş olacaq”.

Analitikin sözlərinə görə, Rusiya hücumları NATO və ABŞ hərbçilərinin yerləşmədiyi ərazilərə yönəldib. 


“Bu da təsadüfi deyil. Moskva yaxşı bilir ki, əgər NATO və ya ABŞ hərbçilərinə zərər dəysə, cavab reaksiyası tamamilə fərqli olacaq. Ona görə də Rusiya birbaşa qarşıdurmadan yayınmağa çalışır”, – deyə o əlavə edib.

Natiq Miri hesab edir ki, digər NATO ölkələrinə qarşı oxşar hücumların davam edəcəyi gözlənilmir:

“Polşa hadisəsindən sonra NATO-nun nizamnaməsinin dördüncü maddəsi işə düşdü və məsələ ciddi müzakirəyə çıxarıldı. Bu, əslində NATO üzvü ölkələri yenidən birləşdirdi və təhlükəni hər bir dövlət öz dərisində hiss etməyə başladı”.

Ekspert, həmçinin vurğulayıb ki, yaxın perspektivdə hüquqi addımların atılması inandırıcı görünmür:

“Rusiya bunu qəbul etmir. Qəbul etsə belə, məsələni Ukraynanın radioelektron mübarizə sistemlərinin təsiri ilə dronların yolunun azması kimi izah etməyə çalışacaq. Ona görə də daha çox qabaqlayıcı tədbirlər vacibdir. NATO-da bu istiqamətdə müzakirələr aparır və dronların sərhədi keçməmişdən zərərsizləşdirilməsi üzərində dayanır”.

Sonda politoloq beynəlxalq hüququn faktiki olaraq işləmədiyini vurğulayıb:

“Rusiyanın Ukraynanın 20 faizə yaxın ərazisini işğalı açıq təcavüzdür. Ancaq bunun fonunda ABŞ Rusiyanı təcavüzkar dövlət elan etməsinə baxmayaraq, Vladimir Putini qırmızı xalça ilə qarşılayır. Halbuki Beynəlxalq Cinayət Məhkəməsi onun həbsi ilə bağlı order çıxarıb. Beynəlxalq hüququn ayaqlar altına alındığı bir dünyada hüquqi mexanizmlərin işə düşəcəyinə inanmaq absurddur. Təəssüf ki, Qərb ikili standart davranışları ilə hüququ zəiflədib. Buna son nöqtəni isə Donald Tramp qoydu”.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər