İrəvan-Moskva münasibətlərində QARŞIDURMA: Paşinyan məğlub olsa...

İrəvan-Moskva münasibətlərində QARŞIDURMA: Paşinyan məğlub olsa...
29.01.2026 17:35 Təhlil

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycanla sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədlərin açılması perspektivinə toxunub. 


İrəvanın regional normallaşma prosesinə hazır olduğunu vurğulayan Mirzoyan, eyni zamanda ölkəsinin qarşılaşa biləcəyi əsas risklərdən birinin Rusiya mənbəli hibrid təhdidlər olduğunu bildirib.   

Onun sözlərinə görə, iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları güclənə bilər. Politoloqlar hesab edirlər ki, bu açıqlamalar Ermənistan daxilində siyasi proseslərə Kremlin mümkün təsirindən narahatlığın açıq göstəricisidir.

Ermənistan XİN rəhbərinin Rusiyanı hibrid təhdid mənbəyi kimi təqdim etməsi İrəvanın Moskva ilə münasibətlərdə açıq qarşıdurma mərhələsinə keçdiyini göstərirmi?    

Siyasi məsələlər üzrə ekspert Şəhla Cəlilzadə Mirzoyanın açıqlamalarını TodayPress TV-yə şərh edərkən bildirib ki, iyun ayında keçiriləcək parlament seçkiləri Ermənistan cəmiyyətinin 2018-ci ildən sonra keçdiyi transformasiya prosesinin geri dönüşünün olub-olmayacağını müəyyən edəcək taleyüklü mərhələdir:  


“Mirzoyanın sözlərini şərh edərək qeyd etmək olar ki, iyunda keçiriləcək seçkilər Ermənistan cəmiyyətinin 2018-ci ildən sonrakı transformasiyasının geri dönüşünün olub-olmayacağını müəyyən edəcək. Bu baxımdan bu seçkilər taleyüklüdür. Baş nazir Nikol Paşinyanın qələbə qazanması Ermənistanın Qərbyönümlü xarici siyasətinin, həmçinin regional sülh gündəminin qələbə qazanması demək olacaq”.

Ekspertin sözlərinə görə, Paşinyanın məğlubiyyəti halında Ermənistanda revanşist-daşnak təfəkkürlü, rusiyapərəst qüvvələrin hakimiyyətə qayıtması ehtimalı istisna edilmir:

“Əks təqdirdə Paşinyana qarşı olan qüvvələr – yəni revanşist-daşnak təfəkkürlü, rusiyapərəst qüvvələr hakimiyyətə qayıda bilər. Bu məqsədlə seçkilərə xarici müdaxilələr, informasiya hücumları, dezinformasiya kampaniyalarının olacağı ehtimalı Avropa siyasi tribunasından öncədən xəbərdarlıq və narahatçılıqla səsləndirilir. Mirzoyan Rusiyanın adını çəkməsə də, xatırladır ki, məhz həmin xarici qüvvələr Ermənistanı qonşuları ilə sonsuz müharibə-münaqişənin içinə salmış, ölkənin suverenliyini məhv etmişdilər”.

Şəhla Cəlilzadə vurğulayıb ki, Ermənistan XİN rəhbərinin ritorikasından çıxış edərək Azərbaycanın Qarabağdakı tarixi qələbəsini Ermənistanın öz suverenliyini bərpa etməsi baxımından da qiymətləndirmək olar:

“Ermənistan XİN-nin sözlərinə istinad edərək uca səslə deyə bilərik ki, Azərbaycanın Qarabağdakı tarixi qələbəsi həm də Ermənistanın öz suverenliyini bərpa etmə hadisəsinə çevrilmişdir. Rusiyanın böyük təsir gücünü dərk edən Ermənistanın qarşıdakı dövrdə Moskva ilə açıq konfrontasiyaya getməyəcəyi, lakin balanslı siyasətini Qərb yönündə inkişaf etdirəcəyi ehtimalı daha real görünür”.

Analitik qeyd edib ki, Azərbaycanın qələbəsi Ermənistan hakimiyyətinin siyasi prosesləri anlama və şərh etmə tərzini də dəyişib:

“Ümumiyyətlə, Azərbaycanın qələbəsi Ermənistan iqtidarının siyasi prosesləri anlama və şərh etmə şəklini dəyişdirmiş, onlar da öz növbəsində Ermənistan cəmiyyətinin, o cümlədən səslərinin çatdığı beynəlxalq platformalarda prosesləri izləyənlərin düşüncələrinə təsir göstərməyə çalışırlar. Aydındır ki, Mirzoyanın ritorikası sülh quruculuğu yönündədir”.

Şəhla Cəlilzadənin sözlərinə görə, bu sülh ritorikası konkret addımlarla müşayiət olunur:


“Sülh quruculuğu qarşılıqlı güzəştləri, əməkdaşlığı və birgə fəaliyyəti ehtiva edir. Bu çərçivədə Mirzoyan Azərbaycanın 4 erməni məhbusu geri qaytarmasına, gələcəkdə digərlərinin də qaytarıla biləcəyinə, həmçinin Azərbaycanın iddia etdiyi 4 minədək itkin düşmüş şəxsin taleyinin müəyyən olunması istiqamətində birgə fəaliyyət imkanlarına diqqət çəkib”.

Ekspert əlavə edib ki, Mirzoyan sülhün Ermənistan üçün regional və iqtisadi imkanlar yaradacağını da önə çəkir:

“O, sülhün Ermənistan üçün yeni qapılar açacağını, o cümlədən Türkiyə ilə sərhəd qapılarının açılması və qlobal nəqliyyat dəhlizlərinə qoşulmaq imkanının həm Ermənistana, həm də regionun inkişafına ciddi töhfə verəcəyini qeyd edib”.

Bununla yanaşı, Şəhla Cəlilzadə Mirzoyanın AŞPA-da atdığı simvolik addıma da diqqət çəkib:

“Lakin bu sülh ritorikası fonunda onun XII əsrdə mövcud olmuş (?!) “Erməni Kilikiya Krallığı”na istinad edərək Mxitar Qoşun “Qanunlar Kitabı”nı AŞPA-ya təqdim etməsi sadəcə kitab hədiyyəsi deyil. Bu, hazırkı Ermənistan hakimiyyətinin nə qədər sülh ritorikası ilə çıxış etsə də, qədim və böyük erməni kimliyinin yaşadılmasında maraqlı olduğuna işarədir”.

Ekspertin fikrincə, regionda real və davamlı sülh üçün əsas şərt daha dərindir:

“Odur ki, regiona əsl və davamlı sülh ermənilərin öz konstitusiyalarından Azərbaycana və xüsusilə də Türkiyəyə ərazi iddialarını ehtiva edən maddələri referendum yolu ilə çıxardıqdan sonra gələ bilər. Bu, Ermənistanın daxili işi deyil, regional sülh və sabitlik üçün əsas şərtdir”.  

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 All News