Amerika İranı bombalayaraq rejimi xalq inqilabından xilas etdi - Rejim isə Xameneini qurban verərək sağ qaldı

Amerika İranı bombalayaraq rejimi xalq inqilabından xilas etdi - Rejim isə Xameneini qurban verərək sağ qaldı
17.06.2026 13:46 Təhlil

Fevralın 28-i, 2026-cı il axşamı Tehranın səmasında partlayışlar göründü və bir neçə saat sonra dünya artıq bunu bilirdi ki, İranın illərlə hakimiyyətdə olan Ali Dini Rəhbəri Əli Xamenei, Amerika və İsrailin birgə həyata keçirdiyi, təkcə nüvə obyektlərini deyil, rejimin ən yuxarı pilləsini də hədəfə alan əməliyyat zamanı öldürülmüşdü (AFP/Malay Mail, 2026).


Üç ay yarımdan artıq sürən, Hörmüz boğazını bağlayaraq dünya enerji bazarlarını sarsıdan bu müharibə yalnız aprelin 7-də kövrək bir atəşkəslə dayana bildi, iyunun 14-dəsə Vaşinqton və Tehran arasında, rəsmi imzası bu cümə günü İsveçrədə, Pakistan baş naziri Şəhbaz Şərifin vasitəçiliyi ilə gözlənilən bir sazişə nail olundu (CFR, 2026; Axios, 2026).


Sazişin mahiyyəti bundan ibarətdir ki, İran zənginləşdirilmiş uriumundan və bomba istehsalı potensialından imtina edir, qarşılığında isə Amerika sanksiyaları mərhələli ləğv edir, Hörmüz boğazını açır və dondurulmuş İran pullarının bir hissəsini sərbəst buraxır, baxmayaraq ki bütün bunlar dərhal deyil, addım-addım baş verəcək.

İndiyədək sızan, yüz faiz dəqiqliyi olmayan məlumata görə, İranın əlində bir neçə bombaya yetəcək qədər, 450 kiloqram həcmində, lakin bombaya lazım olan 90 faizdən aşağı, 40-45 faiz aralığında zənginləşdirilmiş urium var; hər iki tərəf bundan məhrumetmə prinsipinə razı olsa da, mübahisə yalnız üsul ətrafındadır.

Amerika onun yerində məhv edilməsini və ya özü tərəfindən aparılmasını istəyir, İran isə bunu rədd edərək Rusiyaya verilmə yaxud mülki enerji istehsalına uyğun seyrəltmə variantlarını üstün tutur.

Tramp özü, "İranın heç vaxt nüvə bombasına sahib olmaması mövzusunda qətiyyətliyəm, amma tələsməyə ehtiyac yoxdur" deyərək, mərhələli bir həllin tərəfdarı olduğunu göstərir; nüvə obyektlərinin söküləcəyi, yoxsa sadəcə avadanlığın götürülüb infrastrukturun gələcək üçün saxlanılacağı sualı isə hələ cavabsız qalır.

Hörmüzdən keçən gəmilərdən rüsum tutmaq təklifi də masadadır - xarici işlər naziri Abbas Araqçi bunu göstərilən xidmətə görə ödəniş kimi əsaslandırır (AP, 2026)  və 60 günlük danışıq dövründə təxminən 24-25 milyard dollarlıq dondurulmuş aktivin yarısının Tehrana veriləcəyi razılaşdırılıb (CBS News, 2026), yekun sazişdən sonra isə, İran tərəfinin yaydığı versiyaya görə, ABŞ və regional tərəfdaşlar ən azı 300 milyard dollarlıq bərpa proqramı təşkil edəcək, baxmayaraq ki Amerika bunu rəsmən təsdiqləməyib və sazişi nəticəyə əsaslanan model kimi təqdim edir (Iran International, 2026; Fortune, 2026).


Bu sazişdən ən narazı qalan tərəf isə məhz İrana zərbə endirən tərəfdaşdır, yəni İsrail. Milli təhlükəsizlik naziri İtamar Ben-Gvir İsrailin sazişlə bağlı heç bir öhdəliyi olmadığını və ölkəsinin bu sazişin tərəfi olmadığını bildirərkən, sabiq general, müxalifət lideri Yair Golan sazişin Tehrandakı rejimə əhəmiyyətli iqtisadi dayaq verdiyini, nüvə infrastrukturunu isə toxunulmaz saxladığını yazdı (RFE/RL, 2026; PBS, 2026). Netanyahu özü isə tənqidə cavab olaraq, müharibənin əsas nəticəsinin  ölkəsini mövcud təhlükədən qurtarmağın  onsuz da əldə olunduğunu, bunun Tehran rejiminin əvəz olunub-olunmamasından asılı olmadığını bildirdi (Times of Israel, 2026).


Bununla bağlı daha bir maraqlı vəziyyət yaranır: müharibə boyu Vaşinqton İsrailin müttəfiqi, hətta zərbələrin birgə icraçısı olsa da, danışıqlar masasının arxasında bir neçə ay əvvəl bir-birinin rəhbərini öldürməyə çalışan Vaşinqton və Tehran indi eyni sənədin tərəfləri kimi çıxış edir, üçüncü tərəf olan İsrail isə bu sənədin kənarında qalaraq ona açıq qarşı çıxır.

Bu, əlbəttə, formal mənada Vaşinqton-Tehran ittifaqı demək deyil, çünki Amerika rəsmən İsraillə müttəfiqliyini saxlayır; sadəcə, bu konkret sazişin şərtləri ətrafında Vaşinqtonun və Tehranın marağı  sazişin başa çatması, müharibənin bağlanması  İsrailin marağından, yəni uriumun tam təhvili və rejimin sıx nəzarətdə saxlanmasından, daha çox üst-üstə düşür.


Məhz bu nöqtədə əsl, texniki olmayan, məntiqlə bağlı bir sual ortaya çıxır. 2026-cı ilin yanvarında, hələ heç bir bomba düşmədən, İranda tamam başqa bir mənzərə mövcud idi: ölkənin qərb bölgələrində, Kuhdəşt, Əznə və Lordəgan kimi əsasən lur azlığının yaşadığı yerlərdə yanacaq və çörək qiymətlərinə qarşı başlayan etirazlar günlər ərzində kəskin toqquşmalara çevrilmiş, hökumət internetı bağlamış və neçə gün sonra məlum olmuşdu ki, təhlükəsizlik qüvvələri onlarla insanı güllələyib.

İslam İnqilabından bəri ölkədəki səkkizinci böyük etiraz dalğası olan bu hadisələr zamanı London, Toronto və Sürixdə sürgündəki şahzadə Rza Pəhləvinin ətrafında toplaşan diaspora nümayişçiləri rejimin son aylarını yaşadığına əmin idi (Britannica, 2026; AGSI, 2026; PBS, 2026). BMT-nin insan haqları komissarı Volker Türk sonradan bildirəcəkdi ki, ilin əvvəlindən bəri İranda milli təhlükəsizlik əsasında ən azı 40 nəfər, o cümlədən 18 etirazçı edam edilib (RFE/RL, 2026).


Bir aydan bir sonra Xamenei öldürüldü və gözlənilməz olan baş verdi: süqut həddinə yaxınlaşdığı düşünülən rejim yox olmaq əvəzinə, elə fevralın 28-i axşamı Tehranın mərkəzində bayraqla, Amerika və İsrail əleyhinə şüar səsləndirən izdihamla cavab verdi; mart ayı boyu bu mənzərə onlarla şəhərdə həftələrlə davam etdi, dövlət televiziyası bunu xalqın həqiqi səsi kimi təqdim etdi (Al Jazeera, 2026).

Körfəz məsələləri üzrə analitik qrup AGSI-nin martda yayımladığı təhlilə görə, bu, klassik bir bayraq ətrafında birləşmə effekti idi: xarici hərbi təzyiq rejimə daxili müxalifəti vətənə xəyanət damğası ilə sıxışdırmaq imkanı yaratmışdı (AGSI, 2026).

Beləliklə, yanvarda öz xalqına atəş açan hökumət fevralda həmin xalqın milli birlik şüarı altında yenidən ətrafına yığışdığını gördü, çünki düşmən artıq Tehrandakı zalım deyil, Vaşinqton və Yerusəlim idi; iyunda isə həmin hökumət  lideri öldürülmüş, infrastrukturu qismən dağıdılmış, amma struktur etibarilə ayaqda olan quruluş  danışıqlar masasında milyardlarla dollarlıq sanksiya yüngülləşməsi və bərpa vədi alırdı.

Sual sadədir: əgər niyyət İranın öz əli ilə bu rejimdən qurtulması idisə, niyə zərbə məhz xalqın səsini boğan, rejimi milli müdafiəçi qismində təqdim edən bir anda endirildi; əgər niyyət isə sadəcə nüvə proqramının dayandırılması idisə, niyə bu indi tarixin ən böyük maliyyə həvəsləndirməsi ilə müşayiət olunur?

Netanyahunun dolayı etirafı  rejim dəyişikliyinin heç vaxt rəsmi hədəf olmadığı  bunu bir qədər aydınlaşdırsa da, sualın özünü aradan götürmür, çünki nəticə dəyişmir: bombalanan rejim sağ qalıb, indi həm sığortalanır, həm də öz keçmiş düşməninin yanında, üçüncü tərəfə qarşı oturur.

Bu naxış yeni deyil, tarix bunu dəfələrlə təkrarlayıb fərqli paytaxtlarda, fərqli onilliklərdə, təəccüblü dərəcədə oxşar bir nəticə ilə.

1961-ci ilin aprelinin 17-də CIA-nın təşkil etdiyi, Kubalı sürgünlərdən ibarət desant qrupu Fidel Kastronu devirmək məqsədilə Playa Girón sahilinə çıxdı, lakin əməliyyat 72 saat ərzində tam darmadağın edildi və 1100-dən çox desantçı əsir götürüldü; maraqlısı budur ki, Kastro məhz çıxarmadan bir gün əvvəl Kuba inqilabını rəsmən sosialist elan etmişdi, sanki gələn təcavüzü əvvəlcədən hiss etmişdi.


Uğursuz desant cəhdi onun mövqeyini daha da möhkəmləndirdi, bunu imperializm üzərində qələbə kimi təqdim etməsi milli birlik dalğası yaratdı və ən sərt tənqidçilərini belə bayraq ətrafında birləşdirdi (Wyden, 1979), Kastro isə daha 47 il, 2008-ci ilə qədər hakimiyyətdə qaldı.

1991-ci ilin martında, Körfəz müharibəsi bitdikdən həftələr sonra prezident Corc Buşun radio ilə İraq xalqına ünvanladığı, Səddam Hüseynə qarşı çıxmaq çağırışından sonra şimalda kürdlər, cənubda şiələr buna əməl etdi və ölkənin əksər vilayəti bir neçə gün ərzində mərkəzi hökumətin nəzarətindən çıxdı, amma koalisiya qüvvələri sərhəddə dayandı, atəşkəs şərtlərinə görə daxili nəzarət adı altında uçuşa icazəli saxlanılan Səddamın helikopterləri isə üsyançıların üzərinə uçaraq onminlərlə insanın həlak olduğu, yüz minlərlə kürdün sərhədə qaçdığı bir əməliyyat həyata keçirdi (Makiya, 1993).

Səddam bundan sonra daha 12 il, başqa bir Amerika ordusu onu tam başqa bir bəhanə ilə devirənədək hakimiyyətdə qaldı.


1994-cü ilin oktyabrında Yonbion reaktorunda plutonium böhranı zirvəyə çatanda, Vaşinqton hərbi həll yerinə Çərçivə Sazişini imzaladı; bu sazişə görə ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyaya iki yüngül su reaktoru və hər il yarım milyon ton ağır yanacaq mazutu vəd etdi, Pyonqyanq isə plutonium proqramını dondurdu (Wit, Poneman, Gallucci, 2004).

Saziş imzalanarkən ölkə tarixinin ən dağıdıcı aclığının ərəfəsində idi, sonrakı dörd ildə yüz minlərlə insan həlak olsa da, yardım məhz bu illərdə davam etdi və gözlənilən yaxın çöküş baş vermədi; saziş 2002-ci ildə dağılanda Pyonqyanq artıq sağ qalmışdı.

2003-cü ilin dekabrında, Bağdadda Səddamın tutulmasından yalnız altı gün sonra, Liviya lideri Müəmmər Qəzzafi kütləvi qırğın silahı proqramını tam dayandıracağını elan etdi, bir çox müşahidəçi bu iki hadisəni bir-biri ilə əlaqələndirdi və 2004-cü ilin martında baş nazir Toni Blerin Tripolidə onunla görüşməsi tarixə səhrada saziş adı ilə düşdü.

Qarşılığında sanksiyalar götürüldü, bir neçə il sonra BP kimi neft nəhəngləri milyardlarla dollarlıq müqavilələr imzaladı (Jentleson, Whytock, 2005/06); Liviya hələ Lokerbi terror aktına görə məsuliyyət daşısa da bu önəmsiz qaldı, Qəzzafi isə daha yeddi il, 2011-ə qədər hakimiyyətdə qaldı.

2014-cü ilin martında Qərb Rusiyanın Krımı ilhaq etməsinə cavab olaraq Putinin daxili dayaq nöqtəsini sarsıtmaq məqsədilə sanksiya zərbəsi vururdu, lakin nəticə tam tərsinə oldu: 2013-cü ilin noyabrında 61 faiz olan reytinqi 2014-cü ilin mayında 86 faizə qalxdı (Carnegie Endowment, 2019; Gallup, 2014), çünki Kreml sanksiyaları böyük dövlətə qarşı mühasirə kimi təqdim etdi və xalqın əksəriyyəti bunu qəbul etdi, xarici təzyiq, daxili birlik, sonra normal həyata qayıdış illüziyası, Putinin sonrakı on ildə hakimiyyətini möhkəmləndirdiyi formulun məhz özü oldu.

Tarix bir daha göstərir ki, gücün məntiqi həmişə niyyətin məntiqi ilə üst-üstə düşmür.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

İstifadə olunan ədəbiyyat

AFP / Malay Mail (2026), "Tehran says US must accept uranium program and lift all sanctions in 10-point peace plan", 8 aprel.

Associated Press / ABC News (2026), "US-Iran deal news: What we know about possible agreement to end Iran war, open Strait of Hormuz, remove Iranian enriched uranium", 13 iyun.

Axios (2026), "US, Iran reach deal to extend ceasefire, open strait", 14 iyun.

Council on Foreign Relations / Cook, Steven A. (2026), "Trump's Iran Deal: What We Know, What's Contested, and What Remains Unresolved", 15 iyun.

Fortune (2026), "Iran pushes differing versions of deal as U.S. sticks to timeline", 14 iyun.

Iran International (2026), "Iran media publish purported details of Iran-US draft agreement", 14 iyun.

CBS News (2026), "Live Updates: Iran, Israel voice caveats on deal ahead of expected signing ceremony", 15 iyun.

PBS NewsHour / Associated Press (2026), "Israelis angry over U.S.-Iran peace deal lash out at Netanyahu", 15 iyun.

The Times of Israel (2026), "Netanyahu says he saved Israel from annihilation, insists freedom of operation retained in Lebanon", 15 iyun.

RFE/RL (2026), "Ambiguity Persists Regarding Fees For Passage Through Strait Of Hormuz", 15 iyun.

Encyclopaedia Britannica (2026), "2026 Iranian Protests".

AGSI (2026), "Iran's 2025–26 Protests in Perspective", 2 mart.

Al Jazeera (2026), "Large pro-government rallies held in Tehran", 24 mart.

Wyden, Peter (1979), Bay of Pigs: The Untold Story, Simon & Schuster.

Makiya, Kanan (1993), Cruelty and Silence: War, Tyranny, Uprising, and the Arab World, W.W. Norton & Company.

Wit, Joel S.; Poneman, Daniel B.; Gallucci, Robert L. (2004), Going Critical: The First North Korean Nuclear Crisis, Brookings Institution Press.

Jentleson, Bruce W.; Whytock, Christopher A. (2005/2006), "Who 'Won' Libya? The Force-Diplomacy Debate and Its Implications for Theory and Policy", International Security, Vol. 30, No. 3.

Carnegie Endowment for International Peace (2019), "Five Years After Crimea, Russia Has Come Full Circle at Great Cost", 5 fevral.

Gallup (2014), "Russian Approval of Putin Soars to Highest Level in Years".

XƏBƏR LENTİ
17 IYUN 2026
Azərbaycanın Qarabağla bağlı atdığı addım bütün imperiyanı çalxaladı 17:16 Bakının gur yerində terrorçu avtobusa bomba yerləşdirib qaçdı - 80 -lərin ən səsli-küylü cinayəti 17:15 İsrail dövlətindən "əcəl zəngi" - Ərdoğan Yaxın Şərqdə Osmanlı düzəni qurur 16:57 Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi 16:46 Dəmirəl 1967-ci ildə Sumqayıta səfərində KQB-nin generalı Əliyevlə dostlaşdı və 28 il sonra sui-qəsd planını ifşa etdilər 16:39 Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 16:33 AP Gürcüstanla bağlı tənqidi hesabatı qəbul etdi 16:29 Medina "Qarabağ"ı tərk etdi - RƏSMİ 16:17 Kətan toxumu necə istifadə edilməlidir? Faydaları və mümkün yan təsirləri 16:02 İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər 16:06 Rusiya tarixində görmədiyi bombaları yeyir - Ukrayna imperiyanı necə çözdü? 16:05 Bal istehlakının üstünlükləri və ehtiyat tələb edən halları 15:57 Astma necə tanınır? Simptomlar, risklər və nəzarətdə saxlama üsulları 15:53 Səhiyyə işçiləri təltif edildi - SƏRƏNCAM 15:53 Bu məhsullar gömrük rüsumlarından azad ediləcək 15:44 "Qarabağ"ın potensial rəqibləri bəlli oldu 15:31 Ukrayna tətilə gedən uşaqların avtobusunu vurdu - DƏHŞƏTLİ HADİSƏ 15:31 Tramp İrana bir qəpik də verməyəcək - 300 milyard kimin cibindən çıxacaq? 15:16 Prezident İİB-nin sədrini "Dostluq" ordeni ilə təltif etdi 15:09 DÇ-26: Mundialın növbəti dörd matçı açıqlandı 15:07 ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi 14:57 Milli Məclis yeni qanun layihəsini müzakirə edir 14:41 Ən çox insan Xəzərin bu çimərliklərində boğulur 14:35 1993-cü ildən bəri ilk dəfə, Göyçə gölü o qədər artdı ki, Azərbaycandan göründü 14:32 Magistraturaya qəbulun nəticələri elan olundu 14:32 Bütün Xəbərlər