“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi
Azərbaycan Premyer Liqasının I turunda keçirilən “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.
TodayPress TV xəbər verir ki, AFFA İntizam Komitəsi futbolçunun cəzalandırılması ilə yanaşı, “Sumqayıt” klubunu da 3 min manat məbləğində cərimələyib.
Komitə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Neftçi”yə isə 700 manat cərimə tətbiq edib.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçının 74-cü dəqiqəsində kobud oyuna görə baş hakim Səbuhi Abdullazadəyə qırmızı vərəqə göstərib. Qərara emosional reaksiya verən futbolçu meydandan kənarda yumruğu ilə dəhlizin şüşəsini sındırıb. Şüşənin böyük parçası onun ayağına düşərək ciddi xəsarət almasına səbəb olub.
Əməliyyat olunan Abdullazadənin təxminən 5 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Xatırladaq ki, “Neftçi” səfərdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib.
Namiq HUN