"Volkswagen" modellərin yarısını ləğv edəcək
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" (VW) xərclərin azaldılması və yenidənqurma proqramı çərçivəsində model çeşidini 50 faiz ixtisar edəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, şirkətin yaydığı məlumata görə, ən cəlbedici bazar seqmentlərinə fokuslanmaq məqsədilə avtomobillərin komplektasiya variantlarının sayı da 75 faizə qədər azaldılacaq.
"Volkswagen" bildirib ki, istehsal gücü bazardakı qlobal dəyişikliklər və artan rəqabət nəzərə alınaraq ildə 9 milyon avtomobil səviyyəsinə uyğunlaşdırılacaq. Şirkət bu addımların konserni daha dayanıqlı, səmərəli və rəqabətədavamlı etməyə yönəldiyini vurğulayıb.
Qeyd olunub ki, şirkət rəhbərliyi müşahidə şurasına böhrandan çıxış üçün 12 təşəbbüsü əhatə edən qənaət və yenidənqurma planını təqdim edib.
Daha əvvəl Almaniya mediası "Volkswagen"in 2034-cü ilədək 120 min iş yerini ixtisar etməyi və ölkədəki dörd zavodunu bağlamağı planlaşdırdığı barədə məlumat yaymışdı.
Türkan İsgəndərli