Fransa futbolu təhlükə qarşısında – iqlim dəyişiklikləri həyəcan yaradır
İqlim dəyişikliyi Fransada futbol matçlarının keçirilməsinə birbaşa təhlükə yaradır.
TodayPress TV xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Bildirilir ki, Fransa Futbol Federasiyasının (FFF) sifarişi ilə Sport 1.5 şirkətinin apardığı və L’Équipe nəşrinin əldə etdiyi araşdırmanın nəticələrinə əsasən, ölkədəki futbol klublarının 93 faizi artıq hava şəraiti ilə əlaqədar oyunların təxirə salınması və ya tarixinin dəyişdirilməsi halları ilə üzləşib.
Araşdırmada futbol üçün beş əsas iqlim riski müəyyənləşdirilib. Bunlar güclü istilər, quraqlıq, tufanlar, qış yağıntıları və daşqınlardır.
Vəziyyətin 2030-cu ilə qədər daha da pisləşə biləcəyi bildirilir. Yüksək temperatur səbəbindən 300 mindən çox məşq və təlim-məşq saatı təhlükə altında qala bilər. Həmçinin il ərzində orta hesabla 112 gün futbol meydançalarının quraq vəziyyətdə qalacağı proqnozlaşdırılır.
Bundan əlavə, Fransadakı futbol meydançalarının təxminən üçdə biri daşqın riski olan ərazilərdə yerləşir.
Süni örtüklər də problemi tam həll etmir. Belə meydançaların temperaturu havanın temperaturundan 30 dərəcəyədək yüksək ola bilər. Ətraf mühitin temperaturu 40 dərəcəyə çatdıqda isə süni örtüyün temperaturu 70 dərəcədən yuxarı qalxa bilər.
2100-cü il üçün proqnozlar isə daha narahatedicidir. Araşdırmaya əsasən, təbii örtüklü meydançaların 86 faizində ildə ən azı 80 quraq gün qeydə alına bilər. Bəzi şəraitlərdə futbol matçlarının normal keçirilməsi hər il təxminən üç ay ərzində mümkünsüz ola bilər.
Yaranmış təhlükə ilə əlaqədar FFF artıq uyğunlaşma tədbirləri üzərində işləyir. Federasiya yeni strategiyanı və yenilənmiş protokolları 2026-cı ilin ikinci yarısında təqdim etməyi planlaşdırır.
Namiq HUN