ABŞ-nin beşinci nəsil hava üstünlüyü: F-35 “Lightning II”

ABŞ-nin beşinci nəsil hava üstünlüyü: F-35 “Lightning II”
25.02.2026 19:30 Hərbi

ABŞ-nin ən müasir və texnoloji baxımdan ən kompleks hərbi layihələrindən biri hesab olunan F-35 “Lightning II” çoxməqsədli qırıcı təyyarəsi XXI əsrin hava müharibəsi konsepsiyasını formalaşdıran əsas platformalardan biridir. 


Beşinci nəsil qırıcı kimi dizayn edilən bu təyyarə həm hava üstünlüyü, həm yerüstü hədəflərə zərbə, həm də kəşfiyyat və elektron müharibə tapşırıqlarını eyni platformada birləşdirir. 

Layihənin baş podratçısı “Lockheed Martin” şirkətidir. Proqram çərçivəsində həmçinin "Northrop Grumman" və "BAE Systems" kimi iri müdafiə sənayesi şirkətləri də iştirak edir ki, bu da layihənin beynəlxalq sənaye kooperasiyası baxımından miqyasını göstərir.

YARANMA TARİXİ VƏ İNKİŞAF MƏRHƏLƏSİ 

F-35 proqramı 1990-cı illərin ortalarında ABŞ Müdafiə Nazirliyinin “Joint Strike Fighter” (JSF) proqramı çərçivəsində başladılıb. Məqsəd ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları üçün vahid platforma əsasında müxtəlif modifikasiyaların yaradılması idi. Bu yanaşma həm texniki unifikasiya, həm də uzunmüddətli istismar xərclərinin azaldılması məqsədi daşıyırdı.


Layihə 2001-ci ildə rəsmi olaraq F-35 adlandırıldı. İlk uçuş 2006-cı ildə həyata keçirildi və sınaq mərhələsi bir neçə il davam etdi. Proqram tarixində texniki çətinliklər, proqram təminatı problemləri, büdcə artımları və gecikmələr müşahidə olunsa da, nəticədə F-35 dünyanın ən genişmiqyaslı beşinci nəsil qırıcı proqramına çevrildi. İlkin əməliyyat hazırlığı statusu F-35B üçün 2015-ci ildə, F-35A üçün 2016-cı ildə, F-35C üçün isə 2019-cu ildə elan olunub.


F-35 üç əsas variantda istehsal olunur:

F-35A – adi uçuş-enmə zolaqları üçün (ABŞ Hərbi Hava Qüvvələri)

F-35B – qısa məsafədən qalxma və şaquli enmə (STOVL) qabiliyyətli (ABŞ Dəniz Piyadaları)

F-35C – aviadaşıyıcı gəmilər üçün nəzərdə tutulmuş versiya (gücləndirilmiş şassi və daha böyük qanad səthi ilə)


Bu variantlar arasında təxminən 70 faizə qədər konstruktiv oxşarlıq qorunur ki, bu da logistik və texniki xidmət baxımından mühüm üstünlük yaradır.

Taktiki-texniki xüsusiyyətlər

F-35 tək mühərrikli, supersonik, çoxməqsədli qırıcıdır və aşağı radar görünürlüyü ilə yüksək manevr qabiliyyətini birləşdirir. Əsas xüsusiyyətləri:  

Mühərrik: "Pratt & Whitney F135" turbofan

Maksimal sürət: təxminən Mach 1.6 (təxminən 1,930 km/saat) 

Döyüş radiusu: təxminən 1,000 km (variantdan və silah yükündən asılı olaraq)

Maksimal uçuş hündürlüyü: 15,000 metrdən çox

Radar sistemi: "AN/APG-81 AESA" fazalı radar

Elektro-optik sistem: "EOTS" hədəf aşkarlama və izləmə sistemi

Silahlanma: daxili bölmələrdə və xarici asqılarda idarəolunan bombalar, “hava-hava” və “hava-yer” tipli raketlər

Top: F-35A variantında daxili "25 MM GAU-22/A"


F-35-in əsas üstünlüyü onun sensor inteqrasiyası və məlumat birləşdirmə (sensor fusion) qabiliyyətidir. Təyyarə üzərində yerləşdirilmiş radar, infraqırmızı axtarış-izləmə sistemləri, elektron kəşfiyyat modulları və digər sensorlardan gələn məlumatlar vahid taktiki şəkil halında pilotun qarşısına çıxarılır. Pilot xüsusi dəbilqə sistemi vasitəsilə 360 dərəcə müşahidə imkanına malik olur və təyyarənin gövdəsi sanki “şəffaf” hala gəlir. 


STEALTH (GÖRÜNMƏZLİK) TEXNOLOGİYASI

F-35-in əsas strateji üstünlüklərindən biri aşağı radar görünürlüyüdür. Təyyarənin gövdə forması, künclərin xüsusi bucaq altında yerləşdirilməsi, kompozit materiallardan istifadə və radar siqnallarını udan xüsusi örtük onun radar əks-səda sahəsini minimuma endirir.  

Silahların daxili bölmələrdə yerləşdirilməsi “stealth” xüsusiyyətini qorumağa xidmət edir. Xarici asqılar istifadə edildikdə radar görünürlüyü artsa da, bu zaman təyyarə daha çox silah daşıya bilir və konvensional zərbə platformasına çevrilir. Missiyanın xarakterindən asılı olaraq “tam stealth” və ya “maksimal silah yükü” konfiqurasiyası seçilə bilir.

Bu xüsusiyyət F-35-ə düşmən hava hücumundan müdafiə sistemlərinin aşkarlama məsafəsini əhəmiyyətli dərəcədə azaltmaq və hədəfə daha yaxın məsafədə müdaxilə etmək imkanı verir.


İSTEHSAL SAYI VƏ İXRAC COĞRAFİYASI

F-35 proqramı hazırda dünyanın ən böyük hərbi aviasiya istehsal xəttinə malikdir. İndiyə qədər 900-dən çox F-35 istehsal olunub və ümumi sifariş sayı minlərlə ədədlə ölçülür. İstehsal tempi hər il artırılır.


ABŞ ilə yanaşı Böyük Britaniya, İtaliya, Norveç, Niderland, İsrail, Yaponiya, Cənubi Koreya, Avstraliya, Danimarka və digər müttəfiq ölkələr bu təyyarəni silahlanmaya qəbul ediblər. Bir sıra ölkələr isə gələcək tədarük üçün müqavilələr imzalayıb. Proqramın ümumi dəyəri yüz milyardlarla dollarla ölçülür və uzunmüddətli texniki xidmət xərcləri ilə birlikdə tarixdə ən bahalı hərbi layihə hesab olunur.

DÖYÜŞ TƏTBİQİ

F-35 ilk real döyüş tətbiqini 2018-ci ildə həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri F-35-lərdən regiondakı əməliyyatlarda istifadə etdiyini açıqlamışdı. Daha sonra ABŞ qüvvələri Əfqanıstan və Yaxın Şərqdə müxtəlif əməliyyatlarda bu platformanı tətbiq edib.

Təyyarə əsasən yüksək riskli hava məkanlarında, güclü hava hücumundan müdafiə sistemlərinə malik ərazilərdə istifadə üçün nəzərdə tutulub. Onun "stealth" və elektron müharibə imkanları bu tip mühitlərdə sağqalma ehtimalını əhəmiyyətli dərəcədə artırır.


F-35 proqramında 1500-dən çox şirkət iştirak edir və istehsal zənciri onlarla ölkəni əhatə edir. Pilotun dəbilqə sistemi ən bahalı hərbi avadanlıqlardan biridir və bir neçə yüz min dollar dəyərindədir. Bu sistem gecəgörmə və məlumat proyeksiyası funksiyalarını birləşdirir.

Təyyarənin proqram təminatı milyonlarla sətir koddan ibarətdir və daim yenilənir; yeni blok modernizasiya paketləri ilə döyüş imkanları artırılır.

F-35 digər qırıcılarla, pilotsuz uçuş aparatları ilə və yerüstü komanda mərkəzləri ilə şəbəkə mərkəzli müharibə konsepsiyası çərçivəsində işləmək üçün dizayn edilib.


STRATEJİ QİYMƏTLƏNDİRMƏ 

F-35 “Lightning II” yalnız bir qırıcı deyil, həm də “uçan məlumat mərkəzi” kimi qiymətləndirilir. Onun əsas gücü təkcə manevr və sürətdə deyil, informasiya üstünlüyündədir. Müasir müharibədə kim məlumatı daha tez toplayıb emal edirsə və bu məlumat əsasında qərar qəbul edirsə, üstünlük də həmin tərəfdə olur.


Bütün tənqidlərə, yüksək maliyyətinə və proqramın mürəkkəbliyinə baxmayaraq, F-35 artıq qlobal hərbi balansın əsas elementlərindən birinə çevrilib. Qarşıdakı onilliklər ərzində ABŞ və müttəfiqlərinin əsas hava platforması olaraq qalacağı, həmçinin yeni nəsil pilotsuz sistemlərlə inteqrasiya edilərək daha geniş əməliyyat şəbəkəsinin mərkəzində dayanacağı gözlənilir.

Nicat Osmanlı

NEWS FEED
15 JUNE 2026
Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 All News