İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır

İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır
30.07.2026 11:49 Gündəm

Bu gün İngiltərənin 1966-cı il dünya çempionluğundan düz 60 il keçir.

Tennis və ya futbol oyunlarında baş hakimə kömək edən bir şəxs var. O, meydanın yan xəttinin kənarında dayanır. Söhbət laynsmendən gedir. Onun əsas atributları arasında fit olmasa da, buna ehtiyac duymur. Kiçik bir bayraq hərəkəti ilə "oyundankənar" vəziyyətini və ya baş hakimin görə bilmədiyi digər qayda pozuntularını işarə edə bilir.

Lakin onun arsenalında təkcə bayraq yoxdur. Bəzən sadə bir baş işarəsi – təsdiqləyici bir tərpəniş də taleləri dəyişir. 

Bu baş işarəsi bəziləri üçün faciə, digərləri üçün isə zəfər deməkdir. Xüsusilə də dünya çempionatının finalında, əlavə vaxtda verilən belə bir qərar futbol tarixinin yaddaşına əbədi həkk olunur.

Haqqında danışacağımız insan futbol meydanında verdiyi mübahisəli və birmənalı qarşılanmayan qərarla dünya şöhrəti qazanmış hakimlər sırasında xüsusi yer tutur. Bu insan dünya futbol tarixinin ən məşhur azərbaycanlı sovet hakimlərindən biri – Tofiq Bəhramovdur.


Tofiq Bəhramov 1925-ci ildə Ağdamda anadan olub. Futbol karyerasına 1940-cı ildə Bakıda, yerli "Spartak" uşaq klubunda başlayıb. Daha sonra "Neftyanik" klubuna keçib. O, yalnız Azərbaycan SSR çempionatı səviyyəsində çıxış edib. Lakin futbolçu karyerası uğurlu alınmayıb. Ağır ayaq zədəsi alıb, əməliyyat keçirib və bundan sonra hakimlik fəaliyyətinə başlayıb.


Tofiq Bəhramovun 1966-cı il dünya çempionatına dəvət olunması bir qədər gözlənilməz idi. Çünki həmin vaxtadək sovet hakimləri beynəlxalq arenada cəmi iki oyun idarə etmişdi.

Beləliklə, 30 iyul 1966-cı ildə Londondakı "Uembli" stadionunda keçirilən İngiltərə – Almaniya dünya çempionatının finalında o, isveçrəli baş hakim Qotfrid Dinstin köməkçisi təyin edildi. Həmin gün bütün dünya televiziya ekranlarına kilidlənmişdi, televizoru olmayanlar isə oyunu radio vasitəsilə böyük həyəcanla izləyirdilər.

Tofiq Bəhramov üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirirdi. O, hər qayda pozuntusunu vaxtında və dəqiq işarələyərək həm futbolçuların, həm də azarkeşlərin etimadını qazanmışdı.

Əsas vaxt 2:2 hesabı ilə başa çatdı və oyun əlavə vaxta getdi.

Məhz burada futbol tarixinin ən məşhur epizodlarından biri yaşandı. Ceff Herstin zərbəsindən sonra top qapının tirinə dəyərək aşağı düşdü və qapı xəttinin yaxınlığından yenidən meydana qayıtdı. İngiltərə futbolçuları dərhal qollarını qaldıraraq qol olduğunu bildirdilər.

Baş hakim Dinst oyunu saxladı və alman futbolçularının etirazları arasından keçərək Tofiq Bəhramovun yanına qaçdı.

Tofiq Bəhramov sakitcə başı ilə işarə etdi: "Qol var."

Alman futbolçuları dərhal onun ətrafını mühasirəyə alaraq etiraz etsələr də, Bəhramov qərarından dönmədi. Oyun davam etdi. Bir qədər sonra Ceff Herst daha bir qol vuraraq het-trikini tamamladı və qarşılaşma İngiltərənin 4:2 hesablı qələbəsi ilə yekunlaşdı. 

İngilis futbolçular sevincdən uşaqlar kimi meydanda bir-birinə sarılır, qəhrəmanlarını təbrik edirdilər. Alman futbolçuları isə qəzəblə laynsmənin yanına gələrək qərarın yanlış olduğunu sübut etməyə çalışırdılar.


Məhz həmin qərardan sonra Tofiq Bəhramov İngiltərədə milli qəhrəmana çevrildi.

1966-cı il dünya çempionatının finalını idarə edən bütün hakimlər, o cümlədən laynsmenlər qızıl fitlə təltif olundular. Tofiq Bəhramov isə bundan əlavə Böyük Britaniya kraliçasının əlindən məşhur "Qızıl ilahə" kubokunun surətini də aldı.


İngiltərə azarkeşləri onun şərəfinə məhdud sayda futbol köynəkləri hazırlatdılar. Köynəklərin üzərində belə yazılmışdı: "Qara geyimli bu əfsanəvi insanı heç vaxt unutmayacağıq."

Ömrünün son illərində Tofiq Bəhramov AFFA-nın baş katibi vəzifəsində çalışıb. O, 1966-cı il dünya çempionatının finalından başqa, 1970-ci il dünya çempionatının oyunlarında da hakimlik edib.

Tofiq Bəhramov Avrokubokların finallarını idarə edən ilk azərbaycanlı  hakimi olub. Onun hakimlik karyerasının zirvəsi isə 1972-ci ildə Argentinanın "İndependyente" və Niderlandın "Ayaks" klubları arasında keçirilən Qitələrarası Kubok matçını idarə etməsi sayılır. 

Tofiq Bəhramov 26 mart 1993-cü ildə Bakıda vəfat edib. 

2011-ci ildə, Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə 1966-cı il dünya çempionatının finalının iştirakçıları Ceff Herst və Hans Tilkovski 45 ildən sonra yenidən görüşdülər. Onlar Bakıya gələrək əfsanəvi laynsmenin abidəsini ziyarət etdilər və xatirəsinə gül dəstələri qoydular. 


Bu gün Tofiq Bəhramovun adı Azərbaycanda böyük ehtiramla yad edilir. Bakının ən böyük idman arenalarından biri olan Tofiq Bəhramov adına Respublika Stadionu onun adını daşıyır, stadionun qarşısında isə əfsanəvi hakimin abidəsi ucaldılıb. Tofiq Bəhramovun adı təkcə Azərbaycan futbolunun yox, dünya futbol tarixinin ən yadda qalan simvollarından biri kimi hər zaman hörmətlə xatırlanır.

Jalə Rövşən 


XƏBƏR LENTİ
30 IYUL 2026
Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab bərabərləşdi - VİDEO 20:04 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 Bütün Xəbərlər