Adamın gərək “naxış”ı ola - Mənasız bayram polemikaları...

Adamın gərək “naxış”ı ola - Mənasız bayram polemikaları...
19.03.2026 14:00 Gündəm

Bayramın bayrama qarışdığı gündə sosial şəbəkədə xanımlardan birinin paylaşdığı əcaib bir post qarşıma çıxdı. Xanım postda səliqəsiz şəkildə kəsilmiş bir paxlavanın fotosunu paylaşaraq bunları yazmışdı:

“Bir qadının bacarığı, əl səliqəsi bu olmalıdırmı? Yəni qadın özünə yetəcək qədər əl qabiliyyətinə malik olmamalıdırmı?”.

Əslində bu postu qarşı cinsdən biri paylaşsa idi, haradasa başa düşmək olardı. O mənada ki, qadın-kişi qarşıdurmaları, ittihamları cəmiyyətdə hər zaman olub. Çoxu da bu mövzunun üzərindən prim qazanıb. Amma bu xanımın postu başqadır. Çünki burada artıq “tənqidi” qarşı tərəfdən yox, elə eyni tərəfdən biri edir.


Biz cəmiyyət olaraq artıq xeyli müddətdir ki, qadını kişi ilə müqayisə edirik. Bəlamız odur ki, ya bu iki cinsi bərabərləşdirməyə çalışırıq, ya da birini digərindən üstün tuturuq. Görünən odur ki, bizim cəmiyyət üçün orta hədd anlayışı demək olar ki, yoxdur. Biz ya kökündən vururuq, ya da heç gövdəyə belə toxunmuruq. Bu mövzuda isə artıq xeyli müddətdir ki, dibə vurmuşuq. 

Kapitalizmin bizə aşıladığı dəyərlər bizi məcbur edir ki, kapitalı önə çəkək. Bizim üçün əvvəl “kapital”gəlir. İnsanların dəyəri, funksiyası, hətta xoşbəxtliyi belə çox vaxt qazancı ilə ölçülür. Bu düşüncə isə həyatın digər sahələrində olduğu kimi, ailə məsələlərində də özünü göstərir. 

Qadınların iş həyatına atıldığı ilk günlərdən indiyə qədər uzun və çətin bir yol qət olunub. Bu yolda əzilən də olub, üzülən də, mübarizə aparan da. Və nəhayət gəlib bu günlərə çıxılıb.  


İndi çalışan qadınlar əvvəlki illərlə müqayisədə daha çoxluq təşkil edir. Əvvəllər çalışmaq qadın üçün seçim idisə, indi bu, zərurətə çevrilib. Artan həyat xərcləri, iqtisadi reallıqlar, ailə büdcəsinin yükü bunu qaçılmaz edir. Bu günə olan valyuta məzənnələrindən xəbərsiz olanlar bəlkə də bunu başa düşməyəcəklər, amma, ay camaat, reallıq dəyişib...

Əvvəl qadına evinin xanımı olmaq öyrədilirdisə, indi ondan həm işinin “kişisi”, həm də evinin “xanımı” olması tələb olunur. Qadın işləyir – bu, əlbəttə ki, müsbət haldır. Amma məsələ burasındadır ki, onun üzərindən köhnə gözləntilər götürülməyib. Əksinə, yeni rollar əlavə olunub. Poetik desək, indi qadınlara bir filmdə iki yox, bəzən üç-dörd rol həvalə olunur.    

Fikir vermişəm, xüsusilə bayram dönəmlərində bu cür polemikalar daha da artır. Qadınlar qadınlardan səliqə tələb edir. Qayınana gəlindən, gəlin baldızdan, ana qızdan, nənə anadan. Sanki görünməz bir “standart” var və hər kəs ona uyğun olmalıdır. Məsələ nədir? Şəkərburanın naxışı niyə düz çıxmadı? Paxlava niyə səliqəli kəsilmədi? Kənarları niyə eyni deyil? 

Bəs bu sualların arxasında duran daha böyük sual niyə verilmir?

Gününün böyük hissəsini işdə keçirən, fiziki və psixoloji olaraq yorulan bir qadından niyə hələ də mükəmməl evdar qadın performansı gözlənilir? Niyə onun zəhməti, yorğunluğu, məsuliyyəti yox, yalnız nəticənin “estetikası” müzakirə olunur? 


Əslində məsələ şəkərburaya necə naxış vurulması deyil. Məsələ bizim nəyi prioritet hesab etməyimizdir. Biz insanın əməyini, zəhmətini, gündəlik mübarizəsini deyil, onun təqdim etdiyi “görüntünü” qiymətləndiririk. Bu isə bizi getdikcə daha səthi və daha sərt bir cəmiyyətə çevirir.   

Bəzən düşünürəm ki, qadınlardan mükəmməllik tələb etməklə onları ancaq yormaq olar. Çünki bu gözləntilər real deyil. Real olmayan gözləntilər isə yalnız problemlər yaradır.  

Bəlkə də artıq bəzi şeyləri dəyişməyin vaxtıdır. Bəlkə də qadının paxlava kəsmək bacarığını yox, həyatın ağırlığını necə daşıdığını qiymətləndirməyi öyrənməliyik. Bəlkə də “əl qabiliyyəti” dediyimiz anlayışı bir az genişləndirməliyik – yalnız xəmir yoğurmaq yox, həyat qurmaq, problem həll etmək, ailə saxlamaq da bacarıqdır.

Və ən əsası, bəlkə də bir-birimizi daha az mühakimə edib, daha çox anlamağa çalışmalıyıq.  

Çünki məsələ naxışda deyil.      

Məsələ o naxışı çəkməyə vaxtı və gücü qalan insanın olub-olmamasındadır. Gündəlik həyatda gördüyüm yarıyuxulu qalxıb işə gedən, axşam ağır torbalarla evinə dönən xanımlardan bir də naxış tələb etmək haradan baxsaq, hansısa suveren ölkənin ərazisini işğal etməyə çalışmaq cəhdi qədər təhlükəlidir.  

Bütün hallarda adamın gərək “naxış”ı ola… 


Günəş Mərd

NEWS FEED
16 JUNE 2026
"Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 All News