Polşanın yeni prezidenti kimdir? - ARAŞDIRMA

Polşanın yeni prezidenti kimdir? - ARAŞDIRMA
02.06.2025 12:33 Dünya

2025-ci il iyunun 1-də Polşada keçirilən prezident seçkilərində müxalif sağçı "Hüquq və Ədalət" partiyasının dəstəklədiyi namizəd Karol Navrotski qalib gəlib. O, səslərin 50,89 faizini toplayaraq hazırkı Varşava meri və iqtidarda olan Mərkəzçi Vətəndaş Koalisiyasının namizədi Rafal Tşaskovskini (49,11%) geridə qoyub.

TodayPress TV yeni seçilmiş prezident haqqında araşdırma edib.

Karol Navrotski 1983-cü il martın 3-də Qdansk şəhərində fəhlə ailəsində anadan olub. 2003-cü ildə Qdansk Biznes və İdarəetmə Ali Məktəbini, 2008-ci ildə isə Qdansk Universitetinin Tarix İnstitutunu bitirib.

2023-cü ildə isə Qdansk Politexnik Universitetində proqram və layihə idarəçiliyi üzrə MBA təhsili alıb.

2009–2017-ci illərdə Navrotski Polşanın Milli Yaddaş İnstitutunda (MYİ) çalışıb. Bu dövlət qurumu nasist və kommunist rejimləri dövründə polyaklara qarşı törədilən cinayətləri araşdırır.

Paralel olaraq, 2011–2017-ci illərdə Qdanskın Siedlce rayon şurasının sədri, 2013–2017-ci illərdə isə həmin rayonda MYİ-nin Maarifləndirmə şöbəsinin rəhbəri olub. 2017–2021-ci illərdə Qdanskdakı İkinci Dünya Müharibəsi Muzeyinin direktoru olub. 2021-ci ildən etibarən MYİ-yə rəhbərlik edib.

2024-cü ilin fevralında Rusiyada Navrotskiyə qarşı Sovet əsgərlərinə aid abidələrin dağıdılması və zədələnməsi ittihamı ilə cinayət işi açılıb.

2024-cü ilin noyabrında Navrotski prezidentliyə müstəqil namizəd kimi irəli sürüldüyünü elan edib və "Hüquq və Ədalət" partiyası tərəfindən dəstəklənib.

18 mayda keçirilən ilk turda səslərin 29,54 faizini toplayaraq ikinci yeri tutub (Tşaskovski 31,31%).

Navrotski seçki kampaniyasında qadınlar üçün 60, kişilər üçün isə 65 yaş olan pensiya yaşının artırılmayacağını, dəmir yolu infrastrukturu başda olmaqla iqtisadiyyat üçün investisiyaların cəlb olunacağını, səhiyyə və sosial mənzil tikintisinin maliyyələşdiriləcəyini vəd edib.

O, Avropa İttifaqının (Aİ) federativ dövlətə çevrilməsi ideyasına qarşı çıxır və Polşanın milli kimliyinin qorunmasının vacibliyini vurğulayır.

Navrotski 22 mayda ultrasağçı "Konfederasiya" birliyi ilə seçki sonrası dəstək müqabilində razılaşma imzalayıb.

Bu sənəddə vergilərin artırılmaması, milli valyutanın (zlotı) avro ilə əvəz olunmaması, Polşa hökumətinin səlahiyyətlərinin Aİ-yə verilməməsi, Aİ-nin Polşanın vetosunu zəiflədən qanunlarının icra edilməyəcəyi kimi öhdəliklər əks olunub. Razılaşmada həmçinin Polşa əsgərlərinin Ukraynaya göndərilməməsi və Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxmaq məsələləri də yer alıb. Navrotski birinci turdan öncə də bildirmişdi ki, Ukrayna Volın qətliamı ilə bağlı məsuliyyəti üzərinə götürmədiyi müddətcə onun NATO və Aİ-yə qəbulunu dəstəkləməyəcək.

O, Volın qırğını qurbanlarının xatirəsinə muzey yaradılmasını və Bandera simvollarının qadağan olunmasını dəstəkləyir. Münaqişənin sülh müqaviləsi ilə bitməsini zəruri sayır və Polşada yaşayan ukraynalıların sosial yardımlardan polyaklarla bərabər şəkildə yararlanmasına qarşı çıxır. O, Almaniyadan İkinci Dünya Müharibəsinə görə təxminən 1,6 trilyon dollar məbləğində təzminat tələbini dəstəkləyir.

Seçki kampaniyası dövründə bir neçə Polşa mediası Navrotskiyə kriminal dairələrlə əlaqə və rəsmi yaşayış sahələrindən şəxsi məqsədlərlə istifadə etmək kimi ittihamlar irəli sürüb. "Hüquq və Ədalət" partiyası bu ittihamları "çirkin hücum" adlandırıb. Navrotski isə həmin media qurumlarını məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Tarix, idman və mütəşəkkil cinayətkarlıq mövzularında kitab və məqalələrin müəllifi olan Navrotski evlidir, iki övladı var. 1997–2000-ci illərdə futbol klublarında, 2000–2004-cü illərdə isə boks komandasında çıxış edib. 2004-cü ildə gənclər arasında 91 kq çəki dərəcəsində boks üzrə turnirin qalibi olub. 2010-cu ildə döyüş idman növləri üzrə bölmə yaradıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUN 2026
Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Bütün Xəbərlər