Dünyada ilk dəfə "Ebola" virusunun bu ştammına qarşı peyvənd sınaqları başladı
Afrikada yayılan "Bundibugyo" ştammına qarşı hazırlanmış "Ebola" peyvəndinin ilk klinik sınaqlarına start verilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, sınaqların birinci mərhələsində 50 sağlam könüllü iştirak edəcək. Tədqiqat zamanı peyvəndin təhlükəsizliyi və orqanizmdə yaratdığı immun cavab qiymətləndiriləcək.
Məlumata əsasən, Hindistan Serum İnstitutu peyvəndin sonrakı mərhələlərdə sınaqdan keçirilməsi və effektivliyi təsdiqlənərsə, təcili istifadə üçün artıq 620 min doza eksperimental peyvənd istehsal edib. Birinci mərhələ üçün isə 4 min doza hazırlanıb.
Bildirilir ki, "COVID-19" peyvəndlərində istifadə olunan texnologiyaya bənzər şəkildə, "Bundibugyo" ştammına qarşı hazırlanan peyvənd də şimpanze adenovirusu platforması əsasında hazırlanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada yayılan Bundibugyo ştammı ilə bağlı "Ebola" epidemiyasını qlobal səhiyyə fövqəladə vəziyyəti elan edib. Hazırda bu ştamma qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə mövcud deyil.
Türkan İsgəndərli