Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
12.11.2025 12:25 Daxili siyasət

Prezident İlham Əliyev “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Düz 30 il əvvəl bu gün – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq, ümumxalq səsverməsi – referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdur.

Layihəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.

Əsas Qanunda Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi, yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir.

Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli-mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdir.

Bu il biz həm də işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri etmişdir. Bu baxımdan, əminəm ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır.

Bir daha Sizi Bakıda ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".

Prezident İlham Əliyev

TodayPress TV


XƏBƏR LENTİ
16 IYUN 2026
Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 Bütün Xəbərlər