Boğazda düyün hissi hansı hallarda təhlükəlidir?
Boğazda düyün hissi bir çox insanda rast gəlinən simptom olsa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
TodayPress TV xəbər verir ki, bu hiss uzun müddət davam edərsə və ya digər narahatedici əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət edilməlidir.
Xüsusilə səbəbsiz çəki itkisi, limfa düyünlərinin böyüməsi, güclü boğaz ağrısı, udma çətinliyi, yüksək hərarət, qanlı öskürək, səsdə dəyişiklik və bir neçə gün ərzində getdikcə artan boğazda düyün hissi təhlükə siqnalları hesab olunur.
Bu simptomun səbəbləri müxtəlif ola bilər. Boğaza yad cismin düşməsi, yuxarı tənəffüs yollarının infeksiyaları, qalxanabənzər vəz xəstəlikləri, allergiya, qastroezofageal reflüks xəstəliyi, boyun fəqərələri ilə bağlı problemlər, nevroloji pozğunluqlar, eləcə də stress və narahatlıq boğazda düyün hissinə səbəb ola bilər.
İnfeksiya əlamətləri olduqda həkim müayinəsindən keçmək, lazım gəldikdə müvafiq testlər etdirmək və həkim gələnədək ilıq duzlu su ilə qarqara etmək tövsiyə olunur. Qalxanabənzər vəzlə bağlı problem şübhəsi yarandıqda endokrinoloqa müraciət etmək, hormon analizləri və ultrasəs müayinəsindən keçmək vacibdir. Allergiya hallarında isə allergenlərdən uzaq durmaq və həkim məsləhəti ilə antihistamin preparatlardan istifadə etmək tövsiyə edilir.
Mütəxəssislər vurğulayırlar ki, boğazda düyün hissini uzun müddət gözardı etmək düzgün deyil və simptomun səbəbi vaxtında araşdırılmalıdır.
Türkan İsgəndərli