“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi
23.12.2025 15:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, “AzərEnerji” ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə - cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.

Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir, beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.

Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası — 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.

TodayPress TV

FOTOLAR

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 1
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 2
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 3
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 4
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 5
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 6
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 7
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 8
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Nəbatiyədə PUA dəhşəti: Avtomobillər hədəfə alındı 19:39 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 Bütün Xəbərlər