Prezident Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
01.08.2025 12:43

Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

TodayPress TV xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər