Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı
01.08.2026 14:29

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.

TodayPress TV xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.

Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına daxil olan Nəriman Həsənzadə 1965-ci ildə aspiranturanı bitirib dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 1978–1991-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyərkən qəzetin ədəbi-ictimai mühitdə nüfuzunun daha da genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Nəriman Həsənzadə 1991–2001-ci illərdə Azərbaycan Respublikası mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. O, 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik etmişdir.

Böyük söz ustası Nəriman Həsənzadə poeziya aləminə qədəm qoyduğu ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirmişdir. Şair milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalmaqla, özünəməxsus ifadə tərzi və dəst-xətti sayəsində Azərbaycan xalqının poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmişdir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləri onu həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Şairin öz həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərində müasirlərimizin hiss və düşüncələri dolğun bədii əksini tapmışdır. Nəriman Həsənzadə poema və mənzum pyeslərində keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətlərini tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik duyğusu ilə canlandırmışdır. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuş, tamaşaçıların dərin rəğbətini qazanmışdır. Dilimizin tükənməz imkanlarından ustalıqla bəhrələnmiş şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.

Sənətkarın ədəbi şəxsiyyəti ilə vəhdət təşkil edən alim, pedaqoq və ictimai xadim kimi dolğun fəaliyyəti Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir. Nəriman Həsənzadə respublikamızın ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmiş, müxtəlif illərdə SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinin direktoru, eləcə də rayon, şəhər sovetinin və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə daim dərin vətəndaşlıq duyğusu ilə yanaşmış Nəriman Həsənzadə mədəniyyətimizin tərəqqisi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün var qüvvəsini sərf etmişdir.

Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı naminə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları – “Şöhrət” (2001), “Şərəf” (2011) və “İstiqlal” (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.

Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Arif Paşayev

Anar Rzayev

Çingiz Abdullayev

Rəşad Məcid

Sabir Rüstəmxanlı

Kamal Abdullayev

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Bütün Xəbərlər