Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ
21.07.2026 16:46

Azərbaycanla Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamənin mətni açıqlanıb.

TodayPress TV xəbər verir ki, bəyannamədə deyilir:

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra “Tərəflər”) Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar.

Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyirlər. Tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, və sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi irəliləyişi, xüsusilə də 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayırlar. Almaniya Federativ Respublikası iki ölkənin regionda davamlı sülhə nail olmağa hədəflənmiş səylərini tam dəstəklədiyini bir daha təsdiqləyir.

Tərəflər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayır və siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə artan əməkdaşlığı qeyd edirlər. Onlar həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və Azərbaycan Respublikası ilə Aİ arasında mövcud dialoq mexanizmlərindən tam həcmdə istifadənin əhəmiyyətini vurğulayırlar. Tərəflər həmçinin Azərbaycan ilə Aİ üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi səylərini yüksək dəyərləndirirlər.

Tərəflər aşağıdakı sahələrdə, lakin bununla məhdudlaşmadan, əməkdaşlıq etmək niyyətindədirlər:

Siyasi və Diplomatik Əməkdaşlıq: nazirliklər və qurumlar arasında müntəzəm məsləhətləşmələr, yüksək səviyyəli səfərlərin mübadiləsi; qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi üçün məxsusi-məzmunlu yüksək səviyyəli dialoqlar; ortaq maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsi.

İqtisadi və Ticarət Əməkdaşlığı: ikitərəfli ticarətin və sərmayə imkanlarının təşviqi, ikitərəfli iqtisadi əlaqələrin təşviqi mexanizmi kimi ticarət və sərmayə üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi; kənd təsərrüfatı, davamlı iqtisadi inkişaf, yaşıl enerji, yaşıl və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlığın tam potensialından istifadə etdərək, bağlantılar və infrastruktur, qaz da daxil olmaqla enerji axınları, iqlim fəaliyyəti və ətraf mühitin mühafizəsi, eləcə də davamlı su ehtiyatlarının idarə olunması kimi qlobal və regional əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın artırılması.

Təhlükəsizlik və Müdafiə: insan və narkotiklərin qanunsuz dövriyyəsi, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım da daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoqun davam etdirilməsi; müdafiə sənayesində əməkdaşlığın təşviqi; Müdafiə Akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi; ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi.

Mədəniyyət, Təhsil, Dil və İnsanlararası mübadilələr: qarşılıqlı anlaşmanı, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən mədəni mübadilə fəaliyyətləri və proqramları; innovativ və rəqəmsal təhsil, peşə təhsili, birgə tədqiqat layihələri və akademik mübadilələr üzrə gələcək əməkdaşlıq imkanları barədə dialoq perspektivləri.

Elm, Texnologiya və İnnovasiya: rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişafda olan texnologiyalar sahəsində əməkdaşlığın təşviqi; təhsil və elm sahələrində əməkdaşlıq.

Bu siyasi bəyannaməyə əsasən fəaliyyətlərin həyata keçirilməsi resursların mövcudluğuna tabe və Tərəflərin müvafiq qanun və qaydalarına uyğun olacaqdır.

21 iyul 2026-cı il tarixində Berlin şəhərində ingilis dilində iki nüsxədə imzalanıb.

Sənədi Azərbaycan Respublikası adından Prezident İlham Əliyev, Almaniya Federativ Respublikası adından Kansler Fridrix Merts imzalayıb.

TodayPress TV

***

15:49

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar.

Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
“Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyunu başlayıb 20:02 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 Almaniya ilə imzalanan sənədlər necə icra edilməlidir? 17:33 Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq 17:31 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı 17:26 İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir 17:27 Sabah çimərlikdə hava necə olacaq? 17:13 İranda qadınlara motosiklet sürməyə icazə verildi 17:03 Bütün Xəbərlər