Son 10 ilin 7-ci baş naziri: "Şimalın kralı" Endi Börnem kimdir? - DOSYE

Son 10 ilin 7-ci baş naziri: "Şimalın kralı" Endi Börnem kimdir? - DOSYE
20.07.2026 17:45

Böyük Britaniya siyasi arenası növbəti tarixi dəyişikliklərdən birini yaşayır. 2026-cı il iyulun 20-də hakim Leyboristlər Partiyasının yeni lideri Endi Börnem ölkənin baş naziri postuna sahiblənib. Kral III Çarlz 2024-cü ildən bu vəzifəni icra edən Kir Starmerin istefasını qəbul edərək, hökuməti qurmağı Börnemə tapşırıb. Bununla da Endi Börnem dumanlı albionun son 10 ildəki 7-ci baş naziri kimi tarixə düşüb.

Fəhlə ailəsindən Kembricə uzanan yol

Tam adı Endryu Mürrey olan Endi Börnem 1970-ci il yanvarın 7-də İngiltərənin şimal-qərbindəki Eyntri qəsəbəsində, irlandəsilli bir ailədə doğulub. Siyasətə marağı ona ailəsindən miras qalıb; British Telecom mənşəli mühəndis atası və klinika qeydiyyatçısı olan anası fəal həmkarlar ittifaqı üzvləri idilər.

Börnem hələ 14 yaşında ikən Leyboristlər Partiyasının sıralarına qoşulub. Gəncliyində qəzet paylamaqdan supermarket işçiliyinə qədər müxtəlif sahələrdə çalışan Endi, daha sonra Kembric Universitetinin Fitsuilyam Kollecində ingilis ədəbiyyatı təhsili alıb. Londona köçdükdən sonra bir müddət jurnalistika ilə məşğul olan Börnem, 1995-ci ildə Nəqliyyat İşçiləri Həmkarlar İttifaqına üzv olmaqla fəhlə hərəkatına sadiqliyini nümayiş etdirib.

Siyasi karyera

Onun parlament yolu 1994-cü ildə deputat köməkçisi kimi başlayıb. Addım-addım irəliləyən Börnem, 2001-ci ildə Böyük Mançesterin Li dairəsindən İcmalar Palatasına deputat seçilib və bu mandatı 2017-ci ilə qədər qoruyub.

Karyerasının ən ziddiyyətli məqamlarından biri Toni Bler hökumətinin 2003-cü ildə İraqa hərbi müdaxilə qərarını dəstəkləməsi olub. O, sonradan bu qərara görə böyük təəssüf hissi keçirdiyini və İraqda kütləvi qırğın silahlarının olmasına dair sübutların yetərsizliyini açıq şəkildə etiraf edib.

Buna baxmayaraq, o, Bler və Braun hökumətlərində Səhiyyə üzrə dövlət naziri, Xəzinədarlığın baş katibi, Mədəniyyət və İdman naziri, həmçinin Səhiyyə naziri kimi mühüm postlar tutub. Leyboristlər müxalifətə keçdikdən sonra isə "kölgə kabineti"ndə təhsil, səhiyyə və daxili işlər nazirliyinə rəhbərlik edib.

İctimaiyyətin rəğbətini qazanan araşdırmalar

Börnemin cəmiyyətdə populyarlıq qazanmasında rezonans doğuran hadisələrin üzərinə cəsarətlə getməsi böyük rol oynayıb. Mədəniyyət və idman naziri olduğu dövrdə o, 1989-cu ildə 90-dan çox azarkeşin ölümü ilə nəticələnən məşhur "Hillsborough" faciəsinin yenidən araşdırılması üçün müstəqil komissiya yaradılmasına nail olub. Dövlətin günahı azarkeşlərin üzərinə atdığı bu hadisədə polis və təşkilatçılıq qüsurlarını üzə çıxarmaq Börnemin ən böyük media zəfərinə çevrilib. Səhiyyə naziri kimi isə donuz qripi pandemiyası zamanı Stafford xəstəxanasındakı şübhəli ölüm hallarının araşdırılmasının tərəfdarı olub.

"Şimalın Kralı" və "Mançesterizm" ideologiyası

2017-ci ildə Endi Börnem Böyük Mançesterin meri seçilərək (2021 və 2024-cü illərdə də böyük səs çoxluğu ilə bu uğuru təkrarlayıb) regional siyasətdə yeni bir dövr başlatdı. Mer kimi avtobus şəbəkəsini özəl şirkətlərdən alıb dövlət nəzarətinə qaytardı, sosial mənzil və peşə təhsili proqramlarını genişləndirdi.

Pandemiya dövründə Londonun mərkəzi hökumətinə (Boris Conson kabinetinə) qarşı çıxaraq şimal regionlarının hüquqlarını və maliyyə dəstəyini müdafiə etməsi ona medianın dilində "Şimalın Kralı" ləqəbini qazandı. Öz idarəçilik modelini "Mançesterizm" adlandıran Börnem, bunu "neoliberalizmin sonu" və "biznesə dost sosializm" kimi xarakterizə edir.

Partiya liderliyinə gedən yol

Əvvəllər 2010 və 2015-ci illərdə partiya liderliyinə namizəd olsa da, məqsədinə çata bilməmişdi. Lakin 2026-cı ilin mayında leyboristlərin yerli seçkilərdə ağır məğlubiyyətə uğraması partiyada köklü dəyişiklik tələbini doğurdu. İyun ayında mer vəzifəsindən istefa verən Börnem, Meykerfild dairəsindən yenidən deputat seçilərək parlamentə qayıtdı. Kir Starmerin istefasından sonra isə deputatların və həmkarlar ittifaqlarının mütləq dəstəyini qazanaraq Leyboristlər Partiyasının yeganə lider namizədinə çevrildi.

Siyasi xətti

Politoloqlar onu leyboristlərin "yumşaq sol" qanadına aid etsələr də, Börnem özünü birbaşa sosialist adlandırır. O, sağ millətçiliyin əleyhdarıdır, miqrasiya məhdudiyyətlərinə qarşı çıxır və hakimiyyətin Londondan regionlara köçürülməsini (mərkəzsizləşdirməni) müdafiə edir. Hətta bu mövzuda 2024-cü ildə "Şimala yönəlin: Daha bərabər Britaniya uğrunda birləşmə çağırışı" adlı kitab da qələmə alıb. Bununla belə, fərqli auditoriyalara uyğun çevik ritorikasına görə siyasi dairələrdə bəzən onu "Xameleon" da adlandırırlar.

Gələcək planlar

2026-cı ilin iyununda Mançesterdəki Xalq Tarixi Muzeyində çıxış edən Börnem, Britaniyanı dirçəltmək üçün 10 illik daxili siyasət proqramını təqdim edib. Bura kommunal islahatlar, reindustrializasiya, vergiləri artırmadan həyata keçiriləcək geniş bələdiyyə mənzil tikintisi daxildir. Ən diqqətçəkən vədi isə paytaxt mərkəzçiliyinə zərbə vurmaq üçün Mançesterdə baş nazirin əlavə ofisini – "Number 10 North"u (Şimalın Dauninq-striti) yaratmaq vədidir.

Xarici siyasətdə isə Börnem NATO və ABŞ ilə sıx əməkdaşlığı, Ukraynaya yardımların davam etdirilməsini və Britaniyanın "sərt gücünün" bərpasını hədəfləyir. Yaxın Şərq məsələsində Fələstinin tanınmasını dəstəkləyir və İsrailin Qərb sahilindəki siyasətinə qarşı daha sərt tədbirlər vəd edir, lakin beynəlxalq məhkəmə qərarı olmadan Qəzzadakı hadisələri "soyqırımı" adlandırmaqdan ehtiyat edir. O, Rusiya, enerji təhlükəsizliyi və yeni nəsil texnoloji müharibələri Britaniya üçün əsas qlobal təhdidlər hesab edir.

Şəxsi həyatı

Siyasətdən kənarda Endi Börnem qatı "Everton" azarkeşidir. O, britaniya roku, xüsusilə The Smiths və The Stone Roses qruplarının musiqilərini sevir. 2000-ci ildən bəri universitet illərində tanış olduğu hollandiyalı Mari-Frans van Hil ilə evlidir və üç övladı var. Dini baxımdan katolikdir.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUL 2026
Cəlilabad sakinlərinə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 21:53 Yatmazdan əvvəl bunu edin - Oynaq ağrılarınız xeyli azalacaq 01:43 Sağlam yuxunun qarşısını alan qidalar açıqlandı 01:36 Bir ovuc qara qarağatın orqanizmə inanılmaz təsiri var 01:20 Bu 10 vərdiş ömrünüzü qısaldır - Həkimlərdən ciddi xəbərdarlıq 01:06 Sevgi, pul, iş… Bu gün bürcləri nələr gözləyir? 00:55 Kondisionerin gizli təhlükələri üzə çıxdı - Həkimlər xəbərdarlıq edir 23:59 Sankt-Peterburq yaxınlığında sənaye parkı alova büründü - VİDEO 01:27 Çabahar hədəfə alındı - VİDEO 01:15 Rusiya PUA ilə ticarət mərkəzini vurdu - VİDEO 00:47 ABŞ İrana qarşı yeni zərbələrə başladı - TƏCİLİ 00:30 İranda partlayış səsləri eşidildi 00:24 İordaniyada ard-arda partlayış səsləri eşidilib - VİDEO 00:21 İranda Fransa səfirliyinin iki əməkdaşı saxlanıldı - SƏBƏB 00:04 UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş 23:34 Salyanda dəhşətli qəzada ölənlərin sayı artdı 18:50 Atasının idarə etdiyi aqreqat 3 yaşlı qızın sonu oldu – Dəhşətli faciə 23:10 SON DƏQİQƏ: İordaniya İrandan atıldığı iddia olunan raketləri havada məhv etdi 22:52 İlham Əliyev Berlində vacib görüş keçirdi 22:40 İranın zərbəsi beynəlxalq hava limanını hədəfə aldı 22:30 İtaliyanın hərbi attaşesi Rusiyadan qovuldu - Nə baş verir? 22:26 TƏCİLİ: İran Küveyt sərhədinə hərbi texnika yığır - VİDEO 22:13 Ermənilər pomidora görə “ayağa qalxdı” - Azərbaycanla sərhəd ərazidə yol bağlandı 21:59 Messidən finaldan sonra hamını təəccübləndirən addım 21:47 İlham Əliyev Almaniyada rəsmi səfərdədir 21:28 Bütün Xəbərlər