Dunay çayında daş sədd tikiləcək
Macarıstan "Pakş" atom elektrik stansiyasının (AES) soyudulması üçün zəruri olan suyun səviyyəsini qaldırmaq məqsədilə Dunay çayında daş sədd tikəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkədə məlumat yayıb.
"Biz təqribən 145 min kubmetr daşdan istifadə etməklə Dunay səddinin tikintisinə dərhal başlanması barədə göstəriş verdik, həmçinin iki 80 metrlik barjanın mümkün batırılmasına hazırlıqla bağlı addımlar atdıq. İşlərə artıq başlanılıb", - deyə məlumatda bildirilib.
Madyar əlavə edib ki, Macarıstanın Müdafiə Nazirliyi Dunayda səddin tikintisinə dəstək məqsədilə 100 hərbi qulluqçu ayırıb, işlər gecə-gündüz aparılacaq.
Qeyd edək ki, son aylarda davam edən uzunmüddətli quraqlıq və anomal istilər Avropanın ən böyük çaylarından birinin dayazlaşmasına gətirib çıxarıb. Dunayda suyun səviyyəsi rekord səviyyəyə qədər aşağı düşüb və "Pakş" AES 44 illik fəaliyyəti ərzində ilk dəfə olaraq bağlanmaq təhlükəsi ilə üzləşib.
Dörd reaktorun soyudulması üçün Dunay suyundan istifadə edən "Pakş" AES hazırda suyun səviyyəsinin aşağı olması səbəbindən 2000 meqavatlıq gücünün 10%-dən bir qədər çox hissəsi ilə işləyir. O, Macarıstanın istehlak etdiyi elektrik enerjisinin təxminən üçdə bir hissəsini təmin edir.