Zəngəzur məsələsi uzanır - Paşinyan qayalarda gəzir

Zəngəzur məsələsi uzanır - Paşinyan qayalarda gəzir
16.07.2026 13:45 Təhlil

ERMƏNİSTAN NƏYİ GÖZLƏYİR?

Zəngəzur saatı işləyir, İrəvan isə əqrəbi tutub saxlayır

Bir ildir eyni cümləni eşidirik: “bir neçə həftəyə nəsə imzalanacaq”.

Bir ildir eyni foto çıxır: Paşinyan dağda, daşda, kəndbəkənd, əlində mikrofon, arxasında kamera. Amma ortada sənəd yoxdur. Sual da elə buradan başlayır: Ermənistan nəyi gözləyir?

2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın iştirakı ilə birgə Bəyannaməni imzaladılar, xarici işlər nazirləri isə 17 maddədən ibarət sülh sazişini paraflandı. Elə həmin sənədlə ATƏT-in Minsk qrupu tarixə göndərildi, Ermənistan öz ərazisindən keçəcək 42 kilometrlik hissə – “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) üzrə ABŞ-la çərçivə üzərində işləmək öhdəliyi götürdü.


Bundan sonra nə oldu? Təqvimə baxaq. Dekabrda Paşinyan Berlində “gələn il faktiki icra və tikinti mərhələsinə keçəcəyik” dedi. Aprelin sonunda seçki platformasını təqdim edərkən “təməl işlərinə 2026-cı ildə başlayacağıq” söylədi. Mayın 27-də daha dəqiq danışdı: çərçivə sazişi “ən geci bir ay ərzində” yekunlaşacaq. Dövlət katibi Marko Rubionun İrəvan səfərində sənəd paraflandı, XİN başçısı Ararat Mirzoyan “bir neçə həftə” vəd etdi – mətn siyasi səviyyədə razılaşdırılıb, sadəcə “texniki prosedurlar” qalıb.

İndi iyulun ortasıdır. “Bir ay” bitib, “bir neçə həftə” bitib. Sənəd hələ də masanın üstündədir. Martda isə Paşinyan öz brifinqində daha maraqlı bir şey etiraf etmişdi: İrandakı hadisələr TRIPP-i gecikdirə bilər, çünki ABŞ administrasiyası, “ən azı hazırda”, bunu prioritet saymır.

İyunun 7-də Ermənistan seçki keçirdi və Paşinyan qazandı. Rəqəmlər açıqlandı: “Vətəndaş Müqaviləsi” – 727 160 səs, yəni 49,81 faiz; Samvel Karapetyanın “Güclü Ermənistan”ı – 340 062 səs (23,29%); Robert Köçəryanın “Ermənistan” bloku – 145 097 səs (9,94%); Qagik Çarukyanın “Çiçəklənən Ermənistan”ı isə 58 368 səslə (4,00%) elektron kalkulyatorun kənarında ilişib qaldı. Seçici sayı 2,5 milyona yaxın, iştirak – 58,97 faiz. Nəticə: 105 mandatın 64-ü hakim partiyada.

64 rahat çoxluqdur. Amma 70 deyil. Yəni konstitusion çoxluq yoxdur. Və bütün mübahisə bu altı mandatın içindədir. Çünki Bakının tələbi dəyişməyib: Ermənistan Konstitusiyasının preambulasındakı Müstəqillik Bəyannaməsinə – yəni Dağlıq Qarabağla “birləşmə” maddəsinə istinad silinməlidir. Prezident İlham Əliyev fevralda Münhendə bunu bir cümləyə yığmışdı: de-fakto sülh artıq var, İrəvan Konstitusiyasını düzəltdiyi gün Azərbaycan sülh sənədini imzalayacaq.

Bunun üçün referendum lazımdır. Referendumun riyaziyyatı isə amansızdır: seçicilərin ən azı 50 faizi gəlməlidir, gələnlərin yarıdan çoxu “hə” deməlidir və “hə” deyənlərin sayı ümumi seçicilərin dörddə birindən – təxminən 600 mindən  az olmamalıdır. Hakim partiya iyun seçkilərində bundan çox səs toplayıb. Yəni mümkündür. Amma Ermənistan qanunvericiliyinə görə referendum seçkidən ən tez altı ay sonra keçirilə bilər – bu da dekabrın əvvəli deməkdir. Paşinyan iyulun 9-da yeni konstitusiya layihəsinin ilin sonuna qədər ictimaiyyətə təqdim ediləcəyinə söz verdi. Diqqət yetirin: layihə ilin sonuna, referendum isə... məlum deyil.


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vəziyyəti kobud, amma dəqiq ifadə edir: Paşinyan iki, bəlkə üç stulda eyni vaxtda oturmağa çalışır. Bir tərəfdə Vaşinqton və “Tramp marşrutu”nun 200-220 milyon dollarlıq gözləntisi durur – üstəlik, Ermənistan maliyyə nazirinin müavini Avaq Avanesyan bu rəqəmin dəyişib-dəyişmədiyi sualını hələ də cavabsız qoyur.

Digər tərəfdə Moskva var: XİN nazirinin müavini Mixail Qaluzin açıq deyir ki, İrəvan bu layihədə Rusiyanın mövqeyini nəzərə almağa məcburdur, çünki Ermənistan dəmir yolları hələ də “Rusiya Dəmir Yolları”nın törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiya idarəçiliyindədir, tranzit isə Avrasiya İqtisadi İttifaqının qaydalarına tabedir.

Üçüncü stul Tehrandır. İyulun 4-də Xameneinin vida mərasimi üçün Tehrana gedən Paşinyana Prezident Məsud Pezeşkian “regiondankənar aktorların müdaxiləsi problem həll etmir, əksinə, çətinlik yaradır” mesajını verdi. Ünvan formal olaraq İrəvan idi, əsl ünvan isə hər kəsə bəllidir.


Bu üç stulun arasında oturan adam qərar vermir. Qərar vermək – stullardan ikisini itirmək deməkdir. Ona görə də Paşinyan dağda-daşda gəzir: kənddə görüş, sərhəddə brifinq, Berlində panel, Tehranda başsağlığı. Hərəkət var, istiqamət yoxdur.

Fərq burada görünür. Ermənistan tərəfi vədlə, Azərbaycan tərəfi kubmetrlə işləyir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu – 123,6 km, 3 tunel (12 km), 24 körpüdən 23-ü hazır, 2026-cı ilin ikinci yarısında istifadəyə verilir. Horadiz–Ağbənd dəmir yolu – 110,4 km, 2021-2026. Ələt–Osmanlı – 60 km, illik 40 milyon ton buraxılış qabiliyyəti. 

Üstəlik, Bakı sülhü sözdə deyil, təchizatda göstərir. Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunda faktları sadaladı: Azərbaycan birtərəfli qaydada bütün tranzit məhdudiyyətlərini götürüb, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq yük daşınıb, üstəlik Azərbaycan özü Ermənistana 10 min tondan çox neft məhsulu göndərib. Yanacaq böhranının qlobal miqyas aldığı bir vaxtda Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. 

Elə həmin forumda dövlət başçısı sərhədi də çəkdi: Ermənistanın Konstitusiyasında ərazi iddiaları qaldıqca sülh sazişi imzalanmayacaq, Azərbaycan yeni müharibə istəmir, amma revanşist qüvvələrin baş qaldırmasına və Ermənistanın silahlandırılmasına da sükutla baxmayacaq.

Sual dəyişməyib

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin tədqiqatçısı Emili Freyzer TRIPP-in icrasına 2026-cı ilin ikinci yarısında başlanacağını, amma gecikmə risklərinin qaldığını deyir və bunu birbaşa sülh sazişinin imzalanmamasına bağlayır. 

Yəni məsələ Paşinyanın kürsüsü deyil. Məsələ bir hüquqi cümlədir. O cümlə silinməsə, sülh sazişi imzalansa belə, sabah Ermənistanın Konstitusiya Məhkəməsi onu etibarsız saya bilər – və radikallar bu boşluqdan mütləq yararlanar. Bakının “tələsmirik” mövqeyi məhz buradan doğur: de-fakto sülh onsuz da işləyir, yollar tikilir, yük daşınır, dəhliz ABŞ-ın adına yazılıb. Zaman Azərbaycanın əleyhinə işləmir.

Ona görə də sual bir cümləyə yığılır: Ermənistan nəyi gözləyir? Rusiyanın icazəsini? İranın razılığını? Vaşinqtonun növbəti çekini? Yoxsa sadəcə – öz cəmiyyətinin “miatsum” xəstəliyindən sağalmasını? Əgər sonuncudursa, bunun üçün dağda-daşda yox, İrəvanın mərkəzində, mikrofon qarşısında danışmaq lazımdır. Vaxt isə dekabra qədərdir.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
17 IYUL 2026
Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Etirazlar Zelenskini buna məcbur etdi - Gülləkeçirməz şüşə arxasına keçdi 22:20 İran geri addım atır? - ABŞ-dən İDDİA 22:04 UEFA Konfrans Liqası: “Zirə”“Torpedo”nu məğlub etdi - VİDEO 20:14 Hamı Klimenkonu gözləyirdi, amma Zelenski elə birini seçdi ki… 21:06 Tərtərdə dəhşətli qəza - Ölənlər var 21:32 “Əgər “Hizbullah”a toxunsanız, raketlər işə düşəcək” - XƏBƏRDARLIQ 21:20 Bütün Xəbərlər