"Mənə dedilər ki, Qarabağı bizə verin, dost olaq..." – Koçaryanla görüşən jurnalistlə MÜSAHİBƏ

"Mənə dedilər ki, Qarabağı bizə verin, dost olaq..." – Koçaryanla görüşən jurnalistlə MÜSAHİBƏ
13.04.2026 11:11 Siyasət

“2000-ci ildə mən və o, düşmənlə söhbət…”

Sosial şəbəkədə jurnalist Kamal Əlinin paylaşdığı bu görüntü diqqətimizi çəkdi. Görüntüdə onun Ermənistanın sabiq prezidenti Robert Koçaryan ilə söhbəti əks olunub.


Məlumdur ki, Ermənistanda keçiriləcək seçkilərə az qalıb. Hazırda Robert Koçaryan da səhnəyə qayıdaraq aktivləşməyə başlayıb.

Həmin görüntüdən sonra Kamal Əli ilə əlaqə saxladıq və o, illər əvvəlki görüşlərin detalları ilə yanaşı, Ermənistanın bugünkü siyasi vəziyyəti barədə də maraqlı məqamları bölüşdü.


TodayPress TV müsahibəni təqdim edir:

— Kamal bəy, Koçaryanla şəxsən görüşən azsaylı azərbaycanlı jurnalistlərdən birisiniz. Onu necə xatırlayırsınız?

— 1999, 2000, 2001-ci illərdə Qarabağda və Ermənistanda olmuşam. O zaman Qarabağ işğal altında idi. Tsağkadzor (Dərəçiçək), İrəvan, Xankəndi və Şuşada olduq. Həmin şəhərlərdə çox maraqlı görüşlər keçirdik. Bu görüşlər çərçivəsində iki dəfə Robert Koçaryan ilə görüşümüz oldu: Baş nazir və prezident olduğu dövrlərdə.

Birinci görüş Marşal Baqramyan prospektində yerləşən Prezident sarayında baş tutdu. Böyük zalda, uzun ağ stol ətrafında əyləşmişdik. Mənim diqqətimi cəlb edən məqam orada Bakı istehsalı olan BK-2500 kondisionerlərinin olması idi. Mən bunu Koçaryana göstərərək dedim ki, Bakıdan gəlmişik, burada sanki Bakını görürük. Sonra ona belə bir sual verdim: “Bizi bu gözəl sarayda qəbul edirsiniz, amma düşünürsünüzmü ki, bir gün erməni xalqı sizi buradan qovacaq?” O, gülümsəyərək “xalq özü bilər” dedi. O zaman bilmirdim ki, bu söz həqiqətə çevriləcək. Sonradan Nikol Paşinyan onu həbs etdirdi, daha sonra isə azadlığa buraxıldı.

— Onunla bağlı xüsusi hər hansısa bir şey yadınızda qalıbmı?

Kimsə deyirsə ki, ermənilər ağılsızdır, yanılır. Hər xalq kimi onların da daxilində müxtəlif insanlar var, amma liderləri adətən ağıllı olur. Koçaryan da ağıllı, eyni zamanda sərt və qəddar xarakterli siyasətçidir. Bu, onun davranışından və mimikasından hiss olunurdu. Özünü çox sevən, özünü mərd kimi təqdim etməyə çalışan biridir. Amma əsas məsələ əqidədir. Ağıllı insan əqidəsiz də ola bilər. Əgər bir insanın əqidəsi başqa xalqın torpağını ələ keçirməkdirsə, bu, axmaq əqidədir. Adolf Hitler də ağılsız deyildi, lakin yanlış ideologiyası Almaniya üçün böyük faciələrə səbəb oldu. Serj Sarkisyan və Koçaryan da öz siyasətləri ilə Ermənistan xalqını ağır nəticələrlə üz-üzə qoydular.

Son müharibədən sonra Ağdama getdim. Oradakı dağıntıları görəndə iki həftə özümə gələ bilmədim. Öz-özümə sual verirdim: insanlar niyə həyatlarını şəhərləri və kəndləri dağıtmağa həsr edir? Bu proseslərin çoxu Koçaryanın hakimiyyəti dövründə baş verib. 30 il ərzində belə bir insanın müsbət istiqamətdə dəyişməsi real görünmür. Onun və komandasının hakimiyyətə gəlməsi ilk növbədə Ermənistan üçün faciə olar. Biz isə hər zaman ehtiyatlı olmalıyıq.

— Koçaryanın Ermənistanda hakimiyyətə gəlmə ehtimalını necə dəyərləndirərsiniz?

— Hazırda o və oğlu Levon Koçaryan Ermənistanda keçiriləcək seçkilərə hazırlaşır. Levon Koçaryan Ermənistan parlamentinin deputatıdır (“Ermənistan” alyansından). Məndə olan məlumata görə, Ermənistanda keçmiş məhbusların Prezident seçilməsi mümkün deyil. Koçaryanın Prezident olduğu dövrdə mülki şəxslərin ölümü ilə nəticələnən hadisələr baş verib. 1–2 mart 2008-ci ildə nümayişlərin güclə dağıdılması zamanı 10 nəfər (8 mülki şəxs və 2 polis əməkdaşı) həlak oldu. Lakin Koçaryanın partiyası seçkilərə gedir. Keçən həftə Serj Sarkisyan və onun partiyası seçkilərdə iştirakdan imtina etdi. Bu isə o deməkdir ki, Sarkisyanın tərəfdarları Koçaryanın ətrafında birləşə bilərlər. Onların niyyətləri də təxminən eynidir.

Nikol Paşinyan da passiv deyil. Onun daha real rəqibi Samvel Karapetyandır. Onu korrupsiya ittihamı ilə həbs etdilər. Hazırda iki erməni əsilli Rusiya milyarderi — Ruben Vardanyan (Bakıda) və Samvel Karapetyan həbsdədir. Karapetyanın qardaşı oğlu Narek Karapetyan isə artıq populyarlıq qazanmağa başlayıb.

Hazırda Ermənistanda üç əsas siyasi cərəyan var. Birincisi Paşinyandır və o, ən güclü namizəd kimi görünür. İkincisi Karapetyan və onun partiyasıdır ki, birbaşa Rusiyaya bağlıdır. İnsanlar inanır ki, o, xalqa maddi dəstək verə bilər. Üçüncüsü isə keçmiş “Qarabağ klanı”dır – Koçaryanın partiyası. Mən hesab edirəm ki, Koçaryanın hakimiyyətə gəlmə ehtimalı çox aşağıdır, Paşinyan isə xeyli öndədir. Təxminən iki aydır Azərbaycandan Ermənistana yüklər daşınır. Bu, Paşinyanın xeyrinə işləyir. Onun seçki öncəsi düşünülmüş addımları var.

— Kamal bəy, burada Rusiya amili də var. Sizcə, Rusiya seçkilərə necə müdaxilə edəcək?

— Vladimir Putin ilə Paşinyanın son görüşündə Putinin jestləri və mesajları onu göstərir ki, Rusiya Ermənistan uğrunda mübarizə aparacaq. Ermənistan Rusiya üçün strateji əhəmiyyət daşıyır. Kiçik dövlət olsa da, Moskvanın orada böyük planları var. Regionda təsir və qarışıqlıq yaratmaq üçün Ermənistan əlverişli alətdir. Orada böyük hərbi baza mövcuddur. Mən inanmıram ki, Rusiya Ermənistanı asanlıqla əldən versin.

Bu isə o deməkdir ki, əgər Paşinyan demokratik yolla qələbə qazanarsa, Rusiyanın Ermənistandakı təsir imkanları daxildə ciddi qarışıqlıqlara səbəb ola bilər. Rusiya müxtəlif yollarla oraya təsir göstərmək imkanına malikdir.

Koçaryan bu yaxınlarda belə bir bəyanat verdi ki, hakimiyyətə gəlsə, müharibə etməyəcək. Halbuki onun siyasi xətti və keçmişi müharibə ilə bağlıdır. Əgər məqsəd Qarabağı qaytarmaqdırsa, bunu müharibəsiz necə edəcək? Onun hakimiyyətə gəlməsi bizim üçün müsbət heç nə vəd etmir. Azərbaycan ordusu isə artıq xeyli güclənib. Samvel Karapetyanın hakimiyyətə gəlməsi isə daha ağır nəticələr doğura bilər. Çünki o, birbaşa Rusiya vətəndaşıdır. Hər iki fiqur potensial risk hesab olunur.


— Səfərləriniz zamanı başqa hansı hadisələrlə qarşılaşmısınız?

— Ermənistanda olduğumuz müddətdə çox maraqlı hadisələrlə qarşılaşdıq. Hətta Koçaryanla görüşdən imtina edib jurnalistlərlə birlikdə boykot etdiyimiz anlar da oldu. Ona görə ki, ermənilər görüşü Xocalının anım gününə salmışdılar. Biz hələ Bakıda olarkən onlara xəbər vermişdik ki, həmin gün uşaq qatili ilə görüşmək istəmirik. Ermənilər bunu bilərəkdən həmin günə saldılar. Bunu biləndə onunla görüşməyəcəyimizi bildirdik. Koçaryan o vaxt prezident idi, göstəriş verdi və bizimlə heç kim görüşmədi. Hətta bizə görə gürcü jurnalistlərlə də görüşmədilər. Səhəri günü İrəvandakı Jurnalistlər Evində bu barədə məlumat verdim. Həmin gün bütün Ermənistan mətbuatı, informasiya agentlikləri bunu yaydılar. İlk dəfə Ermənistan ictimaiyyəti Xocalı qətliamı barədə bizdən məlumat aldılar.


Daha sonra Xankəndidə olarkən “Нагорно-Карабахская Республика” sözünün işlədilməsinə etiraz etdik və bildirdik ki, bu söz istifadə olunarsa, görüşü tərk edəcəyik. Jurnalist Eldəniz Elgün orada ciddi mövqe nümayiş etdirdi.

Bir dəfə isə səhər oteldə kofe içərkən erməni xidmətçi mənə yaxınlaşıb azərbaycanca soruşdu ki, azərbaycanlıyam? Təsdiq etdim. Gizli şəkildə söhbət etdik. Birdən dedi: “Siz nə vaxt gələcəksiniz ki, bunlar bizim başımızdan getsin?” Sonra təhlükəsizlik əməkdaşını görüb dərhal uzaqlaşdı. Onun səsini yazmışdım, eşitdiklərimə inanmadım. Həqiqətən, Xankəndinin mərkəzində belə bir sözü işlədə bilərdimi? Digər jurnalist dostlarımla birgə yenidən qulaq asdıq, eyni şeyləri eşitdik.


Başqa bir hadisə Tsağkadzorda (Dərəçiçək) baş verdi. Restoranda bir qadın ofisiant mənə yaxınlaşdı, Azərbaycandan gəldiyimi eşidib, sevindi, sonra uzaqlaşdı. Bir az sonra gizlincə mənə dovğa gətirdi və dedi ki, sizin üçün bişirmişəm, bilirəm, siz bunu sevirsiniz. Yanımda Azərbaycan dilini bilən erməni jurnalist var idi. Ondan öyrəndim ki, o, Bakıdan köçmüş ermənilərdən biridir. Həmin hadisələrdən sonra məndə ermənilər barədə ikili təəssürat yarandı: hər millətdə olduğu kimi, onların da pisi və yaxşısı var.

Hətta bir dəfə türk dilində danışan, bığlı bir erməni mənə yaxınlaşdı. ABŞ-də yaşadığını, lakin vaxtilə Türkiyə ordusunda topçu kimi xidmət etdiyini bildirdi. Mənə belə bir söz dedi: “Kamal paşa, yaxşı olmazmı ki, Qarabağı birdəfəlik bizə verəsiniz? Beləcə, bir də müharibə olmaz, dostluq edərik”. Mən qətiyyətlə bu təkliflə razılaşmadığımı bildirdim. O, bütün söhbətimizi kameraya çəkirdi. Mənim bu təkliflə razılaşacağımı və bunu təbliğat materialı kimi istifadə edəcəyini düşünürdü. Lakin cavabımdan sonra buna peşman oldu.

Qarabağda olanda, Xocalının yanındakı meşədə bizə "hörmət" üçün kabab süfrəsi açmaq istəmişdilər. Erməni əsgərləri ət kəsib, şişə çəkirdilər. Biz yemək yeməyəcəyimizi bildirdik, çünki Xocalıda oturub kabab yeyə bilməzdik, bu, mümkün deyildi. Nə qədər xahiş etsələr də, razılaşmadıq. Dedik, ac qalarıq, burda yemək yemərik. Elə də oldu.

Bir də İrəvanda Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Hovhannisyan var. Vaxtilə otağında “Böyük Ermənistan” xəritəsi saxlayan, bizə qarşı radikal nifrət qusan biri idi. Amma keçən həftə qarşıma çıxan videosuna baxanda məhəttəl qaldım. İndi həmin o radikal adam sanki türkləri sevir, azərbaycanlılarla dostluqdan danışır, millətçiliyi pisləyir. Bu insanlar vəziyyətə uyğun davranmağı çox yaxşı bacarırlar. Güclü gördükləri tərəfə qarşı özlərini zəif göstərirlər, zəif gördüklərinə qarşı isə amansızdırlar. Paşinyanın bugünkü populyarlığı da bizi aldatmamalıdır. Bu, həmin o “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyandır. Azərbaycan ehtiyatı əldən verməməli və hər zaman ən pis varianta belə hazır olmalıdır.

Qiymət Mahir


XƏBƏR LENTİ
31 IYUL 2026
İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bütün Xəbərlər