Böyrək çatışmazlığının ilk əlamətləri - Ekspertdən tövsiyələr

Böyrək çatışmazlığının ilk əlamətləri - Ekspertdən tövsiyələr
12.03.2026 11:12 Sağlamlıq

Böyrəklər insan orqanizmində həyati vacib funksiyalar yerinə yetirən əsas orqanlardan biridir. Onlar sutka ərzində minlərlə litr qanı filtrasiya edərək toksinləri orqanizmdən xaric edir, su-duz balansını və arterial təzyiqi tənzimləyir.

Lakin son illər xroniki böyrək xəstəliklərinin yayılması mütəxəssisləri narahat edir. 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Hikmət İsmayılov böyrək xəstəlikləri barədə məlumat verib.


TodayPress TV xəbər verir ki, o, bu xəstəliklərin yaranma səbəbləri, ilkin əlamətləri və müalicə imkanları barədə ətraflı danışıb.

– Böyrəklərin orqanizmdə əsas funksiyaları hansılardır?

– Böyrəklər həyati vacib funksiyalara malikdir və sutka ərzində 1500–2000 litr qanı filtrasiya edərək orqanizmin daxili mühitinin sabitliyini qoruyur. Onlar qandan toksinləri (kreatinin, sidik cövhəri və s.) və artıq mayeni xaric edir, elektrolit balansını və turşu-qələvi müvazinətini (pH) tənzimləyir.

Böyrəklər həmçinin renin fermenti ifraz edərək arterial qan təzyiqinin tənzimlənməsində iştirak edir. Eyni zamanda, eritropoetin hormonunun istehsalı vasitəsilə eritrositlərin yaranmasını (eritropoez prosesini) stimullaşdırır və D vitaminini aktivləşdirərək sümük mineral mübadiləsində mühüm rol oynayır.

– Xroniki böyrək xəstəliyinin əmələ gəlməsində əsasən hansı xəstəliklər rol oynayır?

– Xroniki böyrək xəstəliyinə səbəb olan xəstəliklər sırasında şəkərli diabet (45–55%) əsas yer tutur. Bundan başqa, arterial hipertoniya, qlomerulonefritlər, pielonefritlər (böyrək daşı xəstəliyi, sidik yolları infeksiyaları, reflüks nefropatiyalar, polikistoz xəstəliyi), sistem və irsi xəstəliklər də bu siyahıya daxildir.

Bu xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna daxildirlər. Tibbin inkişafı ilə əlaqədar olaraq diaqnostik müayinələr zamanı istifadə olunan kontrast maddələrin tətbiqi nəticəsində kontrast nefropatiyası halları da qeydə alınır.

Ona görə də əhalinin maarifləndirilməsi və vaxtında həkimə müraciət etməsi vacibdir. Əsas xəstəliklər düzgün və adekvat şəkildə vaxtında korreksiya edilmədikdə böyrək çatışmazlığı sürətlə inkişaf edə bilər.

– Xroniki böyrək xəstəliyi və onun ağırlaşması olan xroniki böyrək çatışmazlığının əlamətləri hansılardır?

– Xroniki böyrək xəstəliyinin törədici səbəbindən, mərhələsindən və inkişaf dərəcəsindən asılı olaraq bəzən xəstədə heç bir şikayət müşahidə olunmaya bilər.

Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, gecə sidik ifrazının artması, sidiyin köpüklü, qanlı, ağrılı və ya bulanıq olması, tez yorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq, ürəkbulanma və qusma kimi əlamətlər də müşahidə oluna bilər.

Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma, əzələ qıcolmaları kimi şikayətlər də mümkündür.

Daha ağır və müalicə olunmayan hallarda huşun pozulması ilə müşayiət olunan uremik koma, ürək nahiyəsində ağrılarla gedən uremik perikardit, uremik xoralar nəticəsində mədə-bağırsaq qanaxmaları, eləcə də ağır təngnəfəsliklə müşahidə olunan uremik astma kimi ciddi fəsadlar yarana bilər.

– Böyrək xəstəliklərini tamamilə müalicə etmək mümkündürmü?

– Böyrək xəstəlikləri kəskin və xroniki olmaqla iki qrupa bölünür.

Kəskin böyrək zədələnmələri, adətən, törədici səbəb aradan qaldırıldıqda 2–3 həftə ərzində tam bərpa oluna bilər.

Xroniki böyrək xəstəlikləri isə tam sağalmasa da, əsas xəstəliyin düzgün müalicəsi və adekvat korreksiyası nəticəsində uzun illər ərzində xəstəliyin sürətli inkişafının qarşısını almaq və ağırlaşmaları azaltmaq mümkündür.

Sadalanan əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduqda mütləq nefroloqa müraciət edilməli və mütəmadi tibbi nəzarət olmalıdır.

– Xəstələrə hemodializ müalicəsinə nə vaxt başlanılır?

– Xroniki böyrək xəstəliyinin son mərhələsində xəstələrə dializ müalicəsi və ya böyrək transplantasiyası tövsiyə olunur.

Böyrək əvəzləyici müalicəyə başlanması bəzən illər tələb edə bilər. Müasir tibbdə xəstənin yaşı, cinsi, çəkisi, irqi və qanda kreatinin səviyyəsi nəzərə alınaraq böyrəklərin funksional fəaliyyəti hesablanır və xəstəliyin mərhələsi müəyyən edilir.

Bu göstərici 15-dən aşağı olduqda dializ və ya transplantasiya tövsiyə olunur. Göstərici 15–30 arasında olduqda isə dializ üçün damar yolu yaradılması və ya böyrək transplantasiyasına hazırlıq işlərinə başlanılır.

Hemodializ müalicəsində yalnız dializ proseduru deyil, həm də pəhriz və dərman müalicəsi mühüm əhəmiyyət daşıyır.

Dializ xəstələri üçün pəhrizin əsas prinsiplərinə proteinlə zəngin qidaların istifadəsi, xörək duzunun, kalium və fosforla zəngin qidaların məhdudlaşdırılması, eləcə də maye balansının sidik ifrazına uyğun tənzimlənməsi daxildir.

Pəhriz və dərman müalicəsi müntəzəm aparılan laborator müayinələrin nəticələrinə əsasən fərdi qaydada tənzimlənir.

– Dializ xəstələri övlad sahibi ola bilərmi?

– Hər bir pasiyentə fərdi yanaşma vacibdir. Uzun müddət böyrək çatışmazlığı olan şəxslərdə hormonal disbalans fonunda reproduktiv funksiyanın zəifləməsi müşahidə oluna bilər.

Bununla belə, belə xəstələr üçün övlad sahibi olmaq əks-göstəriş hesab olunmur. Onların valideyn olması mümkündür və bu hallara rast gəlinir.

Dializ müalicəsi alan qadınların hamilə qalması və sağlam uşaq dünyaya gətirməsi ilə nəticələnən hallar nadir hallarda müşahidə olunur. Lakin sidik ifrazı ciddi azalmış və ağır böyrək çatışmazlığı olan qadınlarda hamiləliyin uğurla başa çatma ehtimalı daha aşağıdır.

– Böyrək transplantasiyası üçün xəstələr mütləq əvvəlcədən dializ müalicəsi qəbul etməlidirlərmi?

– Əgər xəstə vaxtında və düzgün nefroloji nəzarətdə olubsa, nefroloq onu dializ müalicəsinə başlamadan əvvəl böyrək transplantasiyasına yönləndirə bilər.

Bu üsul PRE-EMPTIVE (preemptiv) böyrək transplantasiyası adlanır və ən optimal variant hesab olunur.

Transplantasiyaya hazırlıq zamanı hər bir pasiyentin yaşı, çəkisi, laborator göstəriciləri, psixoloji vəziyyəti, donorla toxuma uyğunluğu və digər amillər diqqətlə qiymətləndirilir və nəticəyə uyğun qərar qəbul edilir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 Bütün Xəbərlər