Oğlu Niyazinin arvadının boğazını kəsdi və məşhur dirijorun əşyalarını narkotik vasitə üçün satdı - DETALLAR
Azərbaycan musiqi tarixinin görkəmli simalarından biri, məşhur dirijor və bəstəkar Niyazi ilə həyat yoldaşı Həcər xanımın ailə həyatı uzun illər sənət və sevgi nümunəsi kimi xatırlansa da, onların şəxsi həyatında böyük faciə yaşanıb.
TodayPress TV xəbər verir ki, jurnalist Məcid Rəşadətoğlu Niyazi ailəsinin taleyindən danışarkən bildirib ki, övladları olmayan Maestro Niyazi və Həcər xanım qohumlarının oğlu Ceyhunu övladlığa götürüblər.
Onun sözlərinə görə, ailənin bütün qayğısı və sevgisi ilə böyüyən Ceyhun sonradan ağır həyat yolu keçib. Məcid Rəşadətoğlu bildirib ki, Ceyhun gənclik illərindən sonra narkotik asılılığına düçar olub və bu vəziyyət ailədə ciddi problemlərə səbəb olub.
"Ceyhun bütün qayğısız uşaqlıq illərini Niyazinin evində keçirib. Lakin sonradan onun həyatında ciddi dəyişikliklər baş verib. Narkotik asılılığı ailəyə böyük zərbə vurub və Niyazi ilə Həcər xanım üçün ağır günlər başlayıb. Niyazi sağlığında Ceyhunun problemləri barədə məlumat alıb və bu səbəbdən onunla münasibətlərində ciddi qərar verməli olub. Məlumatlara görə, Niyaziyə Ceyhunun narkotik asılılığı ilə bağlı xəbər çatdırılmışdı. Bundan sonra Maestro onu evdən uzaqlaşdırmış və ömrünün sonuna qədər bu qərarından dönməmişdi".
Jurnalist əlavə edib ki, Niyazinin ölümündən sonra Həcər xanım Ceyhunun dəyişdiyini düşünərək onu yenidən evə qəbul edib.
"Ancaq bir müddət sonra əvvəlki problemlər yenidən ortaya çıxıb. Evdə bəzi qiymətli əşyaların itməsi, pul tələbləri və mübahisələr ailədə gərginlik yaradıb. Həcər xanımın ölümü ilə nəticələnən hadisə 1990-cı il sentyabrın 29-da baş verib. Bəzi məlumatlara görə, Ceyhun pul almaq məqsədilə evə gəlib. İstədiyini əldə edə bilmədikdə hadisə faciəvi şəkildə nəticələnib. Bu hadisənin təfərrüatları müxtəlif mənbələrdə fərqli təqdim olunur".

M.Rəşadətoğlu vurğulayıb ki, bəzi mənbələr hadisənin baş verməsi ilə bağlı fərqli versiyalar irəli sürür:
"Bir versiyaya görə, hadisədən əvvəl mübahisə yaşanıb və qətl həmin qarşıdurma zamanı baş verib. Digər məlumatlarda isə hadisənin mətbəxdə başlanan mübahisədən sonra daha ağır nəticələndiyi qeyd olunur. Bəzi məlumatlara görə, Ceyhun həbs olunub, daha sonra azadlığa çıxıb və çətin həyat şəraiti yaşayıb. Deyilənlərə görə, o, zaman-zaman Niyazinin mənzilinə baş çəkib, keçmişi ilə bağlı düşüncələrə dalıb. Sonrakı illərdə Ceyhunla bağlı müxtəlif hüquqi məlumatlar da yayılıb. Son məlumatlara görə, onun qanunsuz silah gəzdirmə ilə bağlı həbs edildiyi bildirilib. Hazırda onun taleyi ilə bağlı müxtəlif məlumatlar mövcuddur", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli