Polşada təxminən 3 min illik tunc qılınc tapıldı
Polşanın Qdansk Meşə Dairəsinə məxsus meşəlik ərazidə təxminən 3 min il yaşı olan, yaxşı qorunmuş tunc qılınc aşkar edilib.
TodayPress TV xəbər verir ki, qədim əşyanı metal detektoru vasitəsilə həvəskar axtarışçı Marçin Vişnevski tapıb. Mütəxəssislərin məlumatına görə, qılınc Tunc dövrünün beşinci mərhələsinə aiddir və e.ə. 900-700-cü illərə aid edilir.
Tapıntı barədə Pomorsk voyevodalığının Abidələrin Mühafizəsi İdarəsi məlumat yayıb. Alman KİV-ləri isə qılıncı uzun illər Polşa meşələrində gizli qalmış “nadir irs nümunəsi” kimi qiymətləndirib.
Mütəxəssislər bildirirlər ki, bu ərazi əvvəllər də qiymətli arxeoloji tapıntıları ilə tanınıb. Belə ki, 1920-ci illərdə Rinajevo yaxınlığındakı torflu bataqlıqda iki tunc anten tipli qılınc aşkarlanmışdı.
Hazırda yeni tapıntının geniş ictimaiyyətə təqdim olunacağı sərginin hazırlanması istiqamətində işlər aparılır.