“Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər?
1970-ci illərdə quraqlıqdan əziyyət çəkən ölkələri içməli su ilə təmin etmək üçün Antarktidadakı aysberqlərdən istifadə ideyası ciddi şəkildə müzakirə olunub. 1977-ci ilin payızında ABŞ-ın Ayova ştatının Ames şəhərinə Alyaskadan təxminən 1,1 ton ağırlığında əsl buzdağı parçası gətirilib.
TodayPress TV xəbər verir ki, “Times of India”nın yazdığına görə, bu, sadəcə elmi nümayiş məqsədi daşımayıb. Buz parçası Antarktida aysberqlərinin gələcəkdə quraq ölkələr üçün şirin su mənbəyinə çevrilə biləcəyini araşdıran beynəlxalq layihənin bir hissəsi olub.
2-6 oktyabr 1977-ci ildə Ayova Dövlət Universitetində aysberqlərdən istifadə imkanlarına həsr olunmuş ilk beynəlxalq konfrans keçirilib. Tədbirdə 18 ölkədən təxminən 200 alim, mühəndis, hökumət nümayəndəsi və biznes təmsilçisi iştirak edib. Mütəxəssislər nəhəng aysberqlərin Antarktidadan su çatışmazlığı yaşayan bölgələrə daşınmasının texniki və iqtisadi imkanlarını müzakirə ediblər.
Konfransın əsas təşəbbüskarlarından biri Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd Əl-Feysəl olub. Həmin dövrdə ölkədə dəniz suyunun duzsuzlaşdırılması texnologiyasından istifadə edilsə də, bunun böyük enerji və infrastruktur xərcləri tələb etdiyi bildirilirdi. Buna görə də Antarktidanın təbii buz ehtiyatlarının alternativ şirin su mənbəyi kimi istifadə edilməsi araşdırılıb.
Təcrübə məqsədilə Alyaskadakı Portic gölündən təxminən 1133 kiloqram ağırlığında buz parçası götürülərək Ayovaya aparılıb. Buz xüsusi izolyasiya materialına və quru buza bükülüb, daha sonra helikopter, təyyarə və soyuducu yük maşını ilə daşınıb. Daşınmanın təxminən 8500 dollara başa gəldiyi və həmin dövrdə qəzetlərin bunu “dünyanın ən bahalı buz kubu” adlandırdığı qeyd olunur.
Konfrans zamanı buz parçası böyük soyuducu kamerada saxlanılıb. Alimlər isə daha böyük Antarktida aysberqlərinin tapılması, izlənilməsi, parçalanması, yedəklənməsi və təhlükəsiz şəkildə əridilməsi ilə bağlı mümkün üsulları araşdırıblar.
Layihəyə böyük maraq göstərilsə də, 1977-ci ildə müzakirə edilən miqyasda aysberqlərin daşınması planı həyata keçirilməyib. Buna baxmayaraq, Antarktida buzlarından şirin su mənbəyi kimi istifadə ideyası zaman-zaman yenidən gündəmə gəlir.