Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi keçirildi

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi keçirildi
22.12.2025 13:28 Hadisə

Onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkilləri vəsatət verərək prosesin mediaya qapalı keçirilməsini xahiş ediblər.

Vəsatət təmin edilməyib.

Prosesin davamında təqsirləndirilən Ramin Saadov ifadə verərək bildirib ki, kuryer kimi fəaliyyət göstərib: "Mən sadəcə, sürücü olmuşam. Mənə paketlər verilib, onu aparıb təhvil vermişəm. İçində pul olduğunu bilirdim, amma nə qədər pul apardığımı bilmirdim. Mənim qumar, mərc oyunları ilə əlaqəm olmayıb".

Dövlət ittihamçısının təklifi əsasında Ramin Saadovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, digər ifadəsində isə bildirib ki, müxtəlif şəxslərə 10 milyon manat çatdırıb.

Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə əsas hesab olunmalıdır.

Növbəti proses dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.

İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb.

Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.

Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.

İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin, digər şəxslər - Ramin Saadov və Samir Nəsibov barəsində isə dövlət ittihamçısının vəsatəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eyni zamanda, cinayət işindən ayrılmış materiallar üzrə göstərilən qanunazidd əməllərin törədilməsində iştirak etməsi güman olunan və barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Bütün Xəbərlər