Rusların kölgə donanması Britaniya sahillərində ingilislərə atəş açdı - İmperiya silkələndi
İngiltərə ilə Fransa arasında yerləşən La-Manş boğazında Rusiya hərbi gəmisinin iştirak etdiyi insident baş verib.
TodayPress TV xəbər verir ki, hadisə 16 iyun 2026-cı il tarixində, yerli vaxtla saat 11:40 radələrində beynəlxalq sularda, Böyük Britaniyanın Uayt adasından təxminən 37 kilometr cənubda qeydə alınıb.
Məlumata görə, Rusiyaya məxsus “Admiral Qriqoroviç” freqatı yaxınlaşan yaxtaya qarşı xəbərdarlıq atəşi açıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Qərb mənbələrinin məlumatına əsasən, freqat bölgədə Rusiyanın sanksiyalardan yayınaraq neft daşıyan “kölgə donanması”na məxsus tankerləri müşayiət etmək tapşırığını yerinə yetirirdi. Bildirilir ki, gəmi həmin tankerlərin La-Manş boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə bölgədə növbə çəkib.
Ekspertlərin fikrincə, Rusiya hərbi gəmisinin bölgədə mövcudluğu yalnız müşayiət missiyası ilə məhdudlaşmır. Hadisədən iki gün əvvəl Böyük Britaniya qüvvələrinin Rusiyaya aid sanksiyalı neft tankerini saxlaması fonunda freqatın bölgədə görünməsi Londona siyasi və hərbi mesaj kimi də qiymətləndirilir.
Məlumatlarda qeyd olunur ki, “Admiral Qriqoroviç” freqatı uzunmüddətli missiya həyata keçirir. Rusiyanın təmir və təchizat gəmisi “PM-82” tərəfindən müntəzəm olaraq yanacaq, ərzaq və digər ehtiyaclarla təmin edilən freqat limana qayıtmadan uzun müddət dənizdə fəaliyyət göstərə bilir.
Hadisə zamanı freqatın texniki nasazlıq səbəbindən hərəkətsiz qaldığı və yaxtanın təhlükəli şəkildə yaxınlaşmasının qarşısını almaq üçün xəbərdarlıq atəşi açdığı bildirilir.
Qeyd edək ki, La-Manş boğazı beynəlxalq dəniz marşrutu hesab olunur və beynəlxalq hüquqa əsasən müxtəlif ölkələrin hərbi gəmiləri bu ərazidən tranzit keçid hüququna malikdir.