Polşanın yeni prezidenti kimdir? - ARAŞDIRMA

Polşanın yeni prezidenti kimdir? - ARAŞDIRMA
02.06.2025 12:33 Dünya

2025-ci il iyunun 1-də Polşada keçirilən prezident seçkilərində müxalif sağçı "Hüquq və Ədalət" partiyasının dəstəklədiyi namizəd Karol Navrotski qalib gəlib. O, səslərin 50,89 faizini toplayaraq hazırkı Varşava meri və iqtidarda olan Mərkəzçi Vətəndaş Koalisiyasının namizədi Rafal Tşaskovskini (49,11%) geridə qoyub.

TodayPress TV yeni seçilmiş prezident haqqında araşdırma edib.

Karol Navrotski 1983-cü il martın 3-də Qdansk şəhərində fəhlə ailəsində anadan olub. 2003-cü ildə Qdansk Biznes və İdarəetmə Ali Məktəbini, 2008-ci ildə isə Qdansk Universitetinin Tarix İnstitutunu bitirib.

2023-cü ildə isə Qdansk Politexnik Universitetində proqram və layihə idarəçiliyi üzrə MBA təhsili alıb.

2009–2017-ci illərdə Navrotski Polşanın Milli Yaddaş İnstitutunda (MYİ) çalışıb. Bu dövlət qurumu nasist və kommunist rejimləri dövründə polyaklara qarşı törədilən cinayətləri araşdırır.

Paralel olaraq, 2011–2017-ci illərdə Qdanskın Siedlce rayon şurasının sədri, 2013–2017-ci illərdə isə həmin rayonda MYİ-nin Maarifləndirmə şöbəsinin rəhbəri olub. 2017–2021-ci illərdə Qdanskdakı İkinci Dünya Müharibəsi Muzeyinin direktoru olub. 2021-ci ildən etibarən MYİ-yə rəhbərlik edib.

2024-cü ilin fevralında Rusiyada Navrotskiyə qarşı Sovet əsgərlərinə aid abidələrin dağıdılması və zədələnməsi ittihamı ilə cinayət işi açılıb.

2024-cü ilin noyabrında Navrotski prezidentliyə müstəqil namizəd kimi irəli sürüldüyünü elan edib və "Hüquq və Ədalət" partiyası tərəfindən dəstəklənib.

18 mayda keçirilən ilk turda səslərin 29,54 faizini toplayaraq ikinci yeri tutub (Tşaskovski 31,31%).

Navrotski seçki kampaniyasında qadınlar üçün 60, kişilər üçün isə 65 yaş olan pensiya yaşının artırılmayacağını, dəmir yolu infrastrukturu başda olmaqla iqtisadiyyat üçün investisiyaların cəlb olunacağını, səhiyyə və sosial mənzil tikintisinin maliyyələşdiriləcəyini vəd edib.

O, Avropa İttifaqının (Aİ) federativ dövlətə çevrilməsi ideyasına qarşı çıxır və Polşanın milli kimliyinin qorunmasının vacibliyini vurğulayır.

Navrotski 22 mayda ultrasağçı "Konfederasiya" birliyi ilə seçki sonrası dəstək müqabilində razılaşma imzalayıb.

Bu sənəddə vergilərin artırılmaması, milli valyutanın (zlotı) avro ilə əvəz olunmaması, Polşa hökumətinin səlahiyyətlərinin Aİ-yə verilməməsi, Aİ-nin Polşanın vetosunu zəiflədən qanunlarının icra edilməyəcəyi kimi öhdəliklər əks olunub. Razılaşmada həmçinin Polşa əsgərlərinin Ukraynaya göndərilməməsi və Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxmaq məsələləri də yer alıb. Navrotski birinci turdan öncə də bildirmişdi ki, Ukrayna Volın qətliamı ilə bağlı məsuliyyəti üzərinə götürmədiyi müddətcə onun NATO və Aİ-yə qəbulunu dəstəkləməyəcək.

O, Volın qırğını qurbanlarının xatirəsinə muzey yaradılmasını və Bandera simvollarının qadağan olunmasını dəstəkləyir. Münaqişənin sülh müqaviləsi ilə bitməsini zəruri sayır və Polşada yaşayan ukraynalıların sosial yardımlardan polyaklarla bərabər şəkildə yararlanmasına qarşı çıxır. O, Almaniyadan İkinci Dünya Müharibəsinə görə təxminən 1,6 trilyon dollar məbləğində təzminat tələbini dəstəkləyir.

Seçki kampaniyası dövründə bir neçə Polşa mediası Navrotskiyə kriminal dairələrlə əlaqə və rəsmi yaşayış sahələrindən şəxsi məqsədlərlə istifadə etmək kimi ittihamlar irəli sürüb. "Hüquq və Ədalət" partiyası bu ittihamları "çirkin hücum" adlandırıb. Navrotski isə həmin media qurumlarını məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Tarix, idman və mütəşəkkil cinayətkarlıq mövzularında kitab və məqalələrin müəllifi olan Navrotski evlidir, iki övladı var. 1997–2000-ci illərdə futbol klublarında, 2000–2004-cü illərdə isə boks komandasında çıxış edib. 2004-cü ildə gənclər arasında 91 kq çəki dərəcəsində boks üzrə turnirin qalibi olub. 2010-cu ildə döyüş idman növləri üzrə bölmə yaradıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Bütün Xəbərlər