Ölkəsinin gələcəyindən danışdı - “Bizə rahatlıq verməyəcəklər”
“Müharibə başa çatdıqdan sonra Ukrayna “həmişə hazır vəziyyətdə yaşamağa” öyrəşməli və rəsmən “vəhşi kirpiyə” çevrilməlidir”.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçma ölkənin “İctimai” telekanalına müsahibəsində deyib.
Sabiq dövlət başçısı gələcəklə bağlı proqnozlarının o qədər də ürəkaçan olmadığını gizlətməyib:
“Məndə elə güclü bir hiss var ki, sülh dövrü müharibədən heç də asan olmayacaq. Sərhədimizin o tayında Rusiya olduğu müddətcə bizə rahatlıq verəcəklərini düşünmürəm. Ona görə də biz daim hazır vəziyyətdə yaşamağa, tez-tez deyildiyi kimi, “vəhşi kirpiyə” çevrilməyə alışmalıyıq. İstisna etmirəm ki, belə bir rejimdə qəfil yaranan çağırışlara çevik və qətiyyətli cavab verməyə qadir olan daha konsentrasiyalı hakimiyyət modeli getdikcə daha populyarlaşacaq. Odur ki, yaxın gələcəkdə Ukraynanın “az-çox sakit dövr” kimi bir “lüksə” sahib olacağına əmin deyiləm”.
Xatırladaq ki, bundan əvvəl sabiq prezident rəsmi Kiyevi münaqişə dövründə konstitusiya ilə bağlı “eksperimentlər” etməməyə çağırmışdı. Bununla belə, o, hərbi əməliyyatlar bitdikdən sonra əsas qanunun dəyişdirilməsi məsələsinin daha kəskin şəkildə gündəmə gələ biləcəyini vurğulamışdı.