Prezident Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
01.08.2025 12:43 Daxili siyasət

Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

TodayPress TV xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər