“Hökumətin gizli adamları xəstəxanaların içində...” — Bakıya gizli gələn Deqati NƏLƏR GÖRDÜ? - VİDEO

“Hökumətin gizli adamları xəstəxanaların içində...” — Bakıya gizli gələn Deqati NƏLƏR GÖRDÜ? - VİDEO
19.01.2026 19:14 Cəmiyyət

20 Yanvar faciəsindən 36 il ötür. 

TodayPress TV həmin faciənin canlı şahidi olmuş, baş verənləri lentə alaraq dünya ictimaiyyətinə çatdıran fotojurnalist Reza Deqati ilə müsahibəni təqdim edir:


— Reza bəy, həmin vaxt bu faciədən ilk dəfə necə xəbər tutdunuz? Bakıya gəlmək qərarını necə verdiniz?

— Mən Parisdə idim. Həmin vaxt Parisdə Sovet YUNESKO-su fəaliyyət göstərirdi və orada azərbaycanlı Ramiz Abutalıbov çalışırdı. O mənə zəng edərək dedi ki, sizinlə görüşməliyəm. Görüşü planlaşdırdıq və üz-üzə gəldik. O, faciə barədə məlumat verdi. Dedi ki, nə baş verdiyini dəqiq bilmirik, amma vəziyyət çox ağırdır, jurnalistləri və digər şəxsləri buraxmırlar. Əgər bacarsanız, ora gedin.   


O zaman bilirdim ki, Sovet dövründə xarici jurnalistlərə Bakıya viza verməzlər. Parisdə Sovet səfirliyinə getdim və Moskvaya viza aldım. Moskvaya çatdım. Orada “Azərbaycan Evi” və “Rossiya Otel” var idi, jurnalistlər əsasən həmin yerlərdə qalırdılar. Vəziyyətin çox gərgin olduğunu gördüm. Moskvadakı azərbaycanlılar “Azərbaycan Evi”nə toplaşmışdılar. Ora çatdığımız gecə həmin məkana da hücum edilmişdi. Hər kəs şok vəziyyətində idi.

Xarici jurnalistlər də var idi, onlar da Bakıya getmək istəyirdilər. Bunun üçün Sovet Xarici İşlər Nazirinin icazəsi tələb olunurdu. Bizə deyirdilər ki, hamınızı təyyarə ilə Bakıya aparacağıq, amma mən buna inanmadım və Moskvada qaldım.


Bakıya getmək üçün cəmi bir yol var idi. Moskvadan çıxan, kəndbəkənd dayanan bir qatar vardı. Çox yavaş hərəkət edirdi və Bakıya təxminən 48 saata çatırdı. Dedilər ki, əgər gizlənə bilsəniz, Bakıya çata bilərsiniz. “Azərbaycan Evi”ndə olan gənclər bizə kömək etdilər. Türkiyədən olan Əhməd adlı dostumla birlikdə qatarda gizlənərək Bakıya gəldik. Bizi gizlicə vağzaldan çıxardılar.

Bir neçə gün gizli şəkildə morqları, xəstəxanaları gəzdik. Yaralıların əməliyyatlarını, öldürülən insanları, küçələrdə gəzən əsgərləri, tankları çəkdim. Daha sonra indiki Şəhidlər Xiyabanına getdim. Dəfn mərasimində çox sayda insan iştirak edirdi. Hamının gözü yaşlı idi. Elə bil ki, heç kim başına gələn faciəyə inana bilmirdi.


Bu anları lentə aldıqdan sonra Parisə qayıtmalı olduq. Bizə kömək edən azərbaycanlılar bizim üçün vəsiqə hazırladılar və başqa sənədlə bilet aldılar ki, qatarla deyil, təyyarə ilə geri dönək. Parisə çatdıqdan sonra fotolar və filmlər dünya mediasına yayıldı. Həmin gün 18 televiziya və radioya müsahibə verdim. Dünya bu mövzuya tamam başqa prizmadan baxmağa başladı. O vaxta qədər mediada azərbaycanlıların erməniləri öldürdüyü iddia edilirdi.

— Həmin günlərdə çəkiliş aparmaq nə dərəcədə təhlükəli idi? Hərbi nəzarət və təzyiqlərlə üzləşdinizmi?

— Gizli şəkildə gəlmək son dərəcə təhlükəli idi. Əgər tutulsaydım, başıma nə gələcəyini bilmirdim. 1979-cu ildən etibarən dünyanın müxtəlif yerlərində müharibələri və inqilabları çəkmişdim, müəyyən təcrübəm var idi və gizlənməyin yollarını bilirdim.


Bizə kömək edən azərbaycanlıların “Jiquli” markalı avtomobilində arxada uzanırdım, üstümə örtük çəkirdilər ki, çöldən görünməyim. Maşınla hərəkət edərkən birdən deyirdilər ki, Reza bəy, burada tanklar və əsgərlər var. Həmin an kameranı çıxarıb çəkir, sonra yenidən gizlənirdim. Bu iş gənclər üçün də çox təhlükəli idi. Onların dəstəyi sayəsində bunu bacardıq.

— Gördükləriniz arasında elə bir an oldumu ki, onu lentə almaq istəmədiniz? Belə faciəvi məqamlarda fotoqrafın etik sərhədi harada bitir?

— Yaralılar var idi, vəziyyətləri çox ağır idi. Yanlarında ailə üzvləri olurdu. Onları çəkməyə ürəyim gəlmədi. Üstəlik bizə xəbərdarlıq etmişdilər ki, xəstəxanaların içində hökumətin gizli adamları var, belə yerlərdə özünüzü bəlli etməyin. Ailələrin arasında da bu cür şəxslər ola bilərdi. Lakin əməliyyat otağına daxil olub çəkiliş apara bildim.  

— Sizi ən çox sarsıdan və unutmadığınız nə oldu? 

— Şəhidlər Xiyabanında gənc oğlan bir neçə gün yaralı halda yaşadıqdan sonra vəfat etmişdi. Onu dəfn edəndə anası məzarın üstündə oturmuş, oxşama oxuyurdu. Hamıya deyirdi ki, məni də oğlumun yanında basdırın.

— Bəs həmin an lentə aldığınız hansı şəkil sizə daha çox təsir edib?   

— Elə həmin qadının şəkli. O mənə çox təsir etmişdi. Morqda çəkilişlər də son dərəcə ağır və çətin idi. Morqa daxil olmaq üçün vəsiqə tələb olunurdu. Qapıda rus əsgərləri dayanmışdı. Aktyor kimi özümü ağlaya-ağlaya ora çatdırdım, dedim ki, ailəmdən bir nəfər itib, onu axtarıram. Fotoaparatımı geyimimin altında gizlətmişdim. Bir şəkil çəkib dərhal çıxdım.

— Dünyanın bu faciəni dərk etməsi istiqamətində fəaliyyətinizi necə qiymətləndirirsiniz?

— Gerçəyi dünyaya çatdırmağın qiyməti ölçülə bilməz. Qədimdən bu yana bir fikir var: dünyada ən şərəfli iş həqiqəti çatdırmaqdır.

— Həqiqəti çatdırdığınıza görə Azərbaycana qarşı olan dairələr tərəfindən təzyiqlərə məruz qaldığınız oldumu?

— Çox olub. Bu hadisələrdən sonra Qarabağ və Xocalı mövzusunu da ön plana çıxardım. Qaçqınların taleyini illərlə dünyaya çatdırdım. Fransada, Amerikada milyonlarla erməni ilə üz-üzə qalırdım. Onların diasporları güclü idi, zəngin idilər. Media onların əlində idi, mən isə tək idim. Həqiqəti həm maliyyə təzyiqləri, həm də işlərimin qarşısının alınması bahasına çatdırırdım. Bu proses bu gün də davam edir. Uşaqlıqdan bizə deyiblər ki, az yaşa, azad yaşa və həmişə həqiqəti çatdır. 


Özümü çox xoşbəxt hiss edirəm ki, ömrüm bir millətin zülmdən qurtulduğunu görməyə yetdi. İşğal altında olan torpaqlar geri qaytarıldı. Otuz ildən çox bu millətə ikiqat zülm edildi: torpaqlar əlindən alındı, qaçqınları oldu və eyni zamanda bu həqiqətlər dünya ictimaiyyətinə təhrif olunmuş şəkildə təqdim edildi. Bu həqiqətlərin çatdırılmasında mənim də payım olduğu, ömrüm bu insanların torpaqlarına qayıtdığını görməyə yetdiyi üçün xoşbəxtəm. Bu xalq öz haqqı olanı geri aldı. Son 200 ildə tarixdə belə bir hadisə olmamışdı. Bu mövzu tarixə düşəcək. Hələ bunun əhəmiyyətini tam dərk etməyənlər var. Amma 50–100 ildən sonra tarixdə Azərbaycan haqqında nə yazılacağını artıq görə bilirəm.

Qiymət Mahir


XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər