Tramp masanı qurdu: Putin-Zelenski görüşü reallığa çevrilə bilər? – Amerikalı siyasətçi mümkün ssenaridən danışdı

Tramp masanı qurdu: Putin-Zelenski görüşü reallığa çevrilə bilər? – Amerikalı siyasətçi mümkün ssenaridən danışdı
21.08.2025 13:03

"Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin birbaşa görüşü ideyası uzun müddətdir ki, qeyri-real hesab olunurdu. Bunun əsas səbəbi isə Moskva və Kiyev arasında getdikcə sərtləşən mövqelər idi. Lakin ABŞ Prezidenti Donald Trampın hər iki liderlə son təmasları vəziyyəti dəyişdi. Hazırda Qərb paytaxtlarında bu ssenari getdikcə daha ciddi qəbul edilir". 

Amerikalı beynəlxalq hüquq eksperti və siyasi şərhçi İrina Tsukerman bunu TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, Trampın “görüş iki həftə ərzində baş tutmalıdır” açıq çağırışı və Zelenskinin bu müddəti qəbul etməsi ideyanı abstrakt ehtimallardan konkret diplomatik təklifə çevirib:

"Məhdud zaman çərçivəsi Trampın sürətli və şəxsi nəzarəti altında olan diplomatiya modelinə üstünlük verdiyini göstərir. Onun bu yanaşması qeyri-müəyyən danışıqlar mühitinə struktur və təcili xarakter qazandırıb. Görüşün iki həftə ərzində keçirilməsində israr etməklə o, həm tərəfləri, həm də Qərb müttəfiqlərini əvvəlcə tez və vaxtsız sayılacaq bir ssenariyə hazır olmağa məcbur edib. Trampın görüşdən sonra şəxsən üç həftəlik diplomatiyaya rəhbərlik etmək niyyəti bunun sadəcə “əl sıxma fotosu” deyil, ABŞ-nin yönləndirdiyi intensiv danışıqlar xəttinin başlanğıcı olacağını göstərir”.

Ekspertin fikrincə, bu təşəbbüs Qərb hökumətləri üçün həm ümid, həm də imtahandır. Ümid ondadır ki, Tramp diplomatik durğunluğu qıra bilər. Eyni zamanda, bu, Avropanı onun birtərəfli və sürətli yanaşmasına uyğunlaşmağa məcbur edir.

“Tramp tərəfləri vaxtsız sayılan bir görüşə razı salmağa çalışır. Ukrayna üçün bu razılıq prinsipial mövqelərdən geri çəkilmək deyil, elastiklik və daxili ictimai dəstəyi möhkəmləndirmək üçün vaxt qazanmaqdır. Rusiya üçünsə bu, Trampın Kiyevə təzyiq səviyyəsini yoxlamaq fürsətidir. Avropada isə bu təşəbbüs ABŞ-nin dominantlığı ilə sıxılmış proses nəticəsində qitənin ikinci planda qalması qorxusu yaradır. Buna görə də Avropa liderləri bu təşəbbüsü nəzarətsiz buraxmamaq üçün hərəkətə keçiblər. Məsələn, Fransa Prezidenti Emmanuel Makronun Cenevrəni məkan kimi təklif etməsi Trampın sürətləndirilmiş qrafikinə uyğun gəlir. Cenevrə həm simvolik neytrallıq, həm də praktik rahatlıq təmin edir. Fransanın hesablamasına görə, Tramp sürətlə irəliləməkdə qərarlıdırsa, Avropa prosesin dekorundan kənarda qalmasın, heç olmasa məkan üzərində təsirini göstərsin. Makron isə xüsusilə bu prosesdə sadəcə müşahidəçi yox, vasitəçi kimi xatırlanmaq istəyir”.

İ.Tsukermanın qənaətincə, ssenarinin reallığı döyüş meydanındakı vəziyyətdən də asılıdır. Hər iki tərəf ciddi üstünlük əldə edə bilməyib, uzunmüddətli müharibə Rusiya üçün sanksiyalar və itkilərlə, Ukrayna üçün isə iqtisadi çətinliklər və Qərbdən asılılıqla nəticələnib. Tramp və tərəfdarları bu durğunluğu diplomatiya üçün əlverişli zəmin sayırlar. Süni şəkildə yaradılmış son tarix, tərəfləri müharibənin uzanma xərcinin danışıqlardan daha ağır olduğunu qəbul etməyə məcbur etmək cəhdidir.

Siyasətçiyə görə, Zelenskinin iki həftəlik müddətə razılıq verməsi diqqətəlayiqdir. Bu, yalnız Vaşinqtonla həmrəylik deyil, həm də təklifin rədd edilməsinin ən mühüm dəstəkçini incitmək riski daşıdığını qəbul etməkdir:

"Putinin hesablamaları isə daha mürəkkəbdir. O, indiyədək Zelenski ilə görüşməkdən çəkinib, çünki bu, Ukraynanın prinsipial mövqeyini qəbul etmək anlamına gələ bilərdi. Lakin ABŞ-nin, xüsusilə də sanksiyaların yumşaldılmasına və Qərb öhdəliklərinin dəyişdirilməsinə açıq siqnal verən Trampın vasitəçiliyi Moskva üçün cazibədar görünə bilər. Rusiya güzəşt etməsə belə, sadəcə iştirak etməklə Putin özünü “mülayim və cavab verən lider” kimi göstərə, eyni zamanda Trampın Kiyevə təzyiq dərəcəsini yoxlaya bilər. Bundan əlavə, belə bir proses ona beynəlxalq legitimlik qazandırmaq, qlobal arenada statusunu yüksəltmək və Avropada təhlükəsizlik arxitekturasının Rusiyasız mümkün olmadığını nümayiş etdirmək imkanı verə bilər.

Tramp isə hələ də “dərhal sülh” ideyasını irəli sürür. Bu yanaşma tez-tez Moskvanın mövqeyinə Kiyevdən daha yaxın görünür. Onun sürət və nəticəyə yönəlməsi Ukrayna üçün qəbuledilməz olan Rusiya tələblərini legitimləşdirmək riski daşıyır. Avropa liderləri isə Trampın mövqeyini ən azı atəşkəsi dəstəkləməyə yönəltməyə çalışırlar. Bu, təşəbbüsün nə qədər həssas olduğunu göstərir. Çünki Tramp siyasi uğur axtarır, Qərb dövlətləri isə dinc əhalinin müdafiəsi və humanitar boşluqların doldurulması ilə bağlı narahatdır".

Analitik diqqətə çatdırıb ki, belə bir görüş baş tutsa, Putinin şərtləri Ukrayna tərəfindən qətiyyətlə rədd ediləcək:

"Bunlara işğal olunmuş ərazilərin Rusiya nəzarətində qalmasının tanınması, NATO-ya üzvlükdən imtina və Ukraynanın müdafiə imkanlarını məhdudlaşdıran şərtlər daxildir. Bunlar Kiyev üçün qəbuledilməzdir və Qərbin böyük hissəsi tərəfindən dəstəklənməyəcək. Bu isə göstərir ki, görüş mahiyyətdən çox siyasi teatr xarakteri daşıya bilər”.

Siyasi şərhçi nəticə etibarilə bildirib ki, sonda, Putin-Zelenski görüşünün reallığı Moskva və Kiyevdən çox Trampın iradəsindən asılı olacaq. Vaşinqton kifayət qədər təzyiq göstərsə, hər iki lider görüşməyə məcbur qala bilər. Daha sonra baş tutacaq üç həftəlik diplomatiya isə Trampın simvolik jestləri real razılaşmalara çevirmək qabiliyyətini sınaqdan keçirəcək:

“Nəticəsindən asılı olmayaraq, bu proses artıq sübut edir ki, tək bir liderin siyasi iradəsi ilə belə, danışıqların “mümkünsüzlükdən qaçılmazlığa” çevrilməsinə səbəb ola bilər. Hətta bu qədər köklü və mürəkkəb bir müharibədə belə”, - deyə o vurğulayıb. 

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Bütün Xəbərlər