“Dedilər sən mənim qohumumsan…” – 24 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti - VİDEO
Azərbaycanda bu il milli mətbuatın 151 illiyi qeyd olunur.
TodayPress TV AzPost-a istinadən xəbər verir ki, son 26 ildə ölkə mediası ilə dövlət rəsmiləri arasında münasibətlər müxtəlif formatlarda öz əksini tapıb.
İnternetdə ümummilli lider Heydər Əliyevlə qəzet baş redaktorları arasında maraqlı söhbətin əks olunduğu arxiv görüntüləri yenidən yayılıb. Araşdırmaçı jurnalist Füzuli Sabiroğlunun arxivindən olan həmin kadrlar 24 il əvvələ aiddir.
Belə ki, 22 mart 2002-ci ildə “Hyatt Regency” mehmanxanasında o dövrün Prezidenti Heydər Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub.
Həmin ilin yanvarında “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğunun nəticələrinə əsasən, müxtəlif KİV rəhbərləri, jurnalist təşkilatlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Heydər Əliyev “Jurnalistlərin dostu” nominasiyasının qalibi seçilib.
Mükafatlandırma mərasimində çıxış edən Heydər Əliyev bu qərarı “qeyri-adi hadisə” adlandıraraq demişdi:
“Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam.
Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur. Onun əsas məqsədi nöqsanları aşkar etmək və onların aradan qaldırılmasına çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu missiyanı yerinə yetirib, bu gün də yerinə yetirir və bunu uğurla davam etdirir.”
Bu arxiv görüntüləri milli mətbuatın 151 illiyi ərəfəsində yenidən ictimai marağa səbəb olub.