Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür
17.10.2025 09:08

Beş il əvvəl - 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

TodayPress TV Füzuli şəhərinin azad olunması tarixini xatırladır.

Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttindəki bir neçə müdafiə xəttinin yarılması nəticəsində Ordumuz strateji üstünlüklər qazanıb. Döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstəriblər. Uğurlu Füzuli əməliyyatı ilə Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilib.

Bununla belə, qeyd etmək lazımdır ki, Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. Belə ki, düşmən 30 il ərzində cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxları Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməyə qadir olduğunu sübut etdi.

Ermənistan silahlı birləşmələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.


Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın artıq vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşməni mühasirəyə almaq üçün əlverişli şərait yaratdı. Oktyabrın 14-də isə əlverişli yüksəkliklər və mövqelər - Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olundu. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzulinin Arış, Cəbrayılın Doşulu kəndləri düşmən tapdağından xilas edildi. Əvvəlcə Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi və Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatdı. Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirdi. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planını uğurla yekunlaşdırdılar - Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri azadlığa qovuşdu. Bu tarixi Qələbə 44 günlük şanlı Vətən savaşının gedişatında həlledici mərhələlərdən biri oldu.

Qeyd edək ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla təltif olunub.

İşğaldan əvvəl Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin ərazi olub. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir hissəsini vandalcasına dağıdıb.

Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.

Müharibədən sonrakı illərdə rayon ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilib, rahat yollar, yaraşıqlı parklar, yaşayış kompleksləri salınıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayon sakinlərinin bir hissəsi doğma yurd yerlərinə qayıdıb. Artıq 5 ildir ki, Füzulidə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Aparılan böyük quruculuq işləri nəticəsində indiyədək 3 mindən çox sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb.

Qeyd edək ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin isə 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa olunacaq Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələrində fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri yaradılacaq.

TodayPress TV

FOTOLAR

Bu gün Füzuli Şəhəri Günüdür — 1
Bu gün Füzuli Şəhəri Günüdür — 2
Bu gün Füzuli Şəhəri Günüdür — 3
Bu gün Füzuli Şəhəri Günüdür — 4
Bu gün Füzuli Şəhəri Günüdür — 5
Bu gün Füzuli Şəhəri Günüdür — 6
Bu gün Füzuli Şəhəri Günüdür — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər